Almaniya vətəndaşı Maykl K.-nın 2023-cü ildə Avstriyanın paytaxtı Vyanada qolundan oğurlanan "Rolex" markalı saatı Türkiyədə üzə çıxıb.
Demokrat.az xəbər verir ki, hadisə 28 yanvar 2023-cü ildə baş verib. Maykl K.-nın təxminən 7 990 avro (450 min TL) dəyərində olan “Rolex Oyster Perpetual Datejust 41” saatı oğurlanıb. O, dərhal Vyana polisinə müraciət edib və saat oğurlanmış əşya kimi qeydə alınıb. Daha sonra "Rolex"in müştəri xidmətlərinə məlumat verərək saatın çalıntı kimi sistemə salınmasını təmin edib.
Bir müddət sonra "Rolex" şirkəti Maykl K.-ya müraciət edərək saatın Türkiyədə, İstanbulda "Zorlu Center"də yerləşən rəsmi "Rolex" nümayəndəliyi və texniki servisində aşkarlandığını bildirib.
Maykl K. saatın ona qaytarılması üçün Türkiyədəki şirkətlə əlaqə saxlayıb. Lakin saatın geri verilməməsi səbəbindən məsələ məhkəməyə çıxarılıb.
İstanbul İlkin Hüquq Məhkəməsinə təqdim edilən iddiada saatın kim tərəfindən və nə vaxt servisə gətirildiyinin araşdırılması tələb olunub. Həmçinin servis, müştəri qəbulu, təhvil, kamera və digər əməliyyat qeydlərinin incələnməsi istənilib.
İddiaçı tərəf saatın özünə məxsus olduğunu satış qəbzi və seriya nömrəsi ilə təsdiqlədiyini, həmçinin Avstriya polisinin oğurluq qeydi və "Rolex"in çalıntı saat bazasındakı məlumatları məhkəməyə təqdim etdiyini bildirib.
Məhkəmədən saatın üçüncü şəxslərə satılmasının və ya başqa şəkildə gizlədilməsinin qarşısını almaq üçün təminat tədbiri görülməsi də tələb olunub. Saat artıq şirkətin əlində deyilsə, 7 990 avro məbləğində zərərin faizlərlə birlikdə ödənilməsi istənilib.
Məlumata görə, oğurlanmış lüks saatların müəyyən edilməsində əsas vasitələrdən biri seriya nömrəsidir. Saat rəsmi servisə daxil olduqda həmin nömrə yoxlanılır və çalıntı kimi qeydə alınıbsa, sistemdə uyğunluq aşkarlanır. Bu işdə də saatın "Rolex"in mərkəzi sistemindəki çalıntı qeydi ilə müəyyən edildiyi bildirilir.
Jalə Demokrat.az


