Kriminal Özəl

Əhməd Rəcəblidə parkinqə görə dava düşüb: Bıçaqlanan var — Detallar

Əhməd Rəcəblidə parkinqə görə dava düşüb: Bıçaqlanan var — Detallar

Bakının Nərimanov rayonunda qonşular arasında yaşanan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 11 ünvanında yerləşən “Boya Dünyası” adlı mağazanın arxa hissəsində baş verib.

1974-cü il təvəllüdlü İlqar qonşusu Elvin ilə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edib. O, idarə etdiyi “Qazel 3302” markalı avtomobildən düşən zaman özü ilə götürdüyü bıçaqla Elvinin sağ çiyin nahiyəsindən iki dəfə vurub.

İlqarın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən İlqar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə “Boya Dünyası” adlı obyektin yanında baş verib:

“Mən avtomobilimi saxlamaq üçün gedərkən avtomobilimin yan güzgüsünə nəyinsə dəydiyini hiss etdim. Buna görə də maşından düşərək hadisənin nə olduğunu yoxlamaq istədim. Həmin vaxt zərərçəkmiş Elvini gördüm. Elvin uzun illərdir qonşumdur, onu tanımışam. Avtomobildən düşən kimi Elvin mənə qarşı nalayiq ifadələr işlətdi, təhqiredici sözlər dedi. Bu səbəbdən aramızda mübahisə yarandı və dava başladı”.

Təqsirləndirilən şəxs deyib ki, hadisə yaşadıqları ərazidə baş verdiyindən ətrafda olan şəxslər onları ayırıb:

“Bundan sonra məsələnin uzanmaması üçün avtomobilimə mindim və hadisə yerindən uzaqlaşdım. Daha sonra avtomobilimi adətən saxladığım, taksilərin də istifadə etdiyi ərazidə saxlayaraq maşından düşdüm. Həmin vaxt Elvinin yenidən yanıma gəldiyini gördüm. Elvin yenə də mənə qarşı ağır və nalayiq ifadələr işlətməyə və məni vurmağa başladı. Mən isə adətən məişətdə istifadə edilən bıçağı yolda nəyisə kəsmək üçün avtomobilimdə gəzdirmişəm. Elvinin təhqirlərinə dözməyərək bıçağı çıxardım. Məqsədim bıçaqlamaq deyil, yalnız onu qorxutmaq olub. Əlbəyaxa dava zamanı bıçaq Elvinin qoluna dəydi. Hadisədən sonra Elvin xəstəxanaya aparıldı, özüm isə sonradan polis şöbəsinə getdim”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisəyədək zərərçəkmiş Elvinlə arasında heç bir münaqişə olmayıb, uzun illər qonşu olublar və ailələri arasında yaxın münasibətlər mövcud olub. Onun sözlərinə görə, cibində gəzdirdiyi bıçaqdan protez dişləri olduğuna görə meyvə və digər ərzaqları soymaq məqsədilə istifadə edib:

“Heç bir halda xuliqanlıq etmək niyyətim, Elvinə xəsarət yetirmək məqsədim olmayıb. Hadisə zamanı özüm burnumdan və çənəmdən xəsarət almışam. Bununla bağlı poliklinikaya müraciət etmişəm”.

Təqsirləndirilən şəxs əlavə edib ki, Elvin həmin gün çox əsəbi, gərgin və içkili vəziyyətdə olub. O, ifadəsinin sonunda zərərçəkmişlə barışdığını, hadisənin ona qarşı işlədilən nalayiq ifadələrin təsiri altında baş verdiyini bildirib.

İş üzrə zərərçəkmiş Elvinin sözlərinə görə, məlum hadisə günü, saat 17 radələrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə “Çerment” körpüsü istiqamətində hərəkət edərkən İlqarın sürdüyü avtomobilin güzgüsünə dəyib: “Həmin gün evdən əsəbi vəziyyətdə çıxmışdım, axşam da içki qəbul etmişdim. Ümumilikdə çox gərgin idim. Piyada hərəkət etdiyim yol dar küçə idi. Həmin avtomobilin yan güzgüsünə toxunduğum vaxt İlqar avtomobili saxladı və nəsə olub-olmadığına baxdı. İlqar avtomobildən düşdüyü zaman əsəbi halda olduğum üçün onu təhqir etdim. Bu vaxt aramızda mübahisə yarandı. Ətrafda olan şəxslər bizi ayırdı. Lakin əsəbiliyim keçmədiyi üçün İlqarın avtomobilini kənarda saxladığını gördüyümdən həmin istiqamətə getdim. İlqarın yanına gedərək yenə də mübahisə etdim və onu vurdum. Daha sonra İlqar mənə qarşılıq verdi və bıçaqla xəsarət aldım”.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İlqarın əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsinə tövsif edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığı nəzərə alınıb.

Bu səbəbdən də Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.

Fariz Məlikli

D
demokrat.az