Sosial Özəl

Bu ixtisaslarda keçid balları arta bilər — Açıqlama

Bu ixtisaslarda keçid balları arta bilər — Açıqlama

2026/2027-ci tədris ili üçün I ixtisas qrupunda 20 min 150 plan yerinin, o cümlədən 15 min 200 dövlət sifarişli yerin ayrılması bu istiqamətdə təhsil almaq istəyən abituriyentlər üçün imkanları genişləndirir. Plan yerlərinin böyük hissəsinin dövlət sifarişi hesabına olması xüsusilə ödənişsiz təhsil imkanlarının artması baxımından diqqət çəkir.

Bu artımın abituriyentlərin I ixtisas qrupuna marağını daha da gücləndirəcəyi və qəbul zamanı rəqabətin necə dəyişəcəyi sual doğurur. Digər tərəfdən, plan yerlərinin artırılmasının əmək bazarının real tələbləri ilə nə dərəcədə uzlaşdığı, xüsusilə texnologiya, mühəndislik və informasiya texnologiyaları istiqamətlərində hansı ixtisaslara daha çox ehtiyac olduğu da müzakirə mövzusudur.

Bəs I ixtisas qrupunda plan yerlərinin artırılması abituriyentlərin qəbul şanslarına necə təsir edəcək? Dövlət sifarişli yerlərin çoxalması rəqabəti azalda bilərmi və RK və Rİ altqruplarında əmək bazarının gələcək tələbləri nəzərə alınmaqla hansı ixtisaslara üstünlük verilməsi daha məqsədəuyğundur?

Təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a açıqlamasında bildirib ki, plan yerlərinin artırılması abituriyentlər üçün daha geniş imkanlar yaradır. Onun sözlərinə görə, bu, həm həmin qrupa marağın artmasına, həm də dövlət hesabına təhsil almaq istəyən abituriyentlərin seçim imkanlarının genişlənməsinə təsir edir:

“Yəni dövlət sifarişli yerlərin sayının artırılması bir tərəfdən abituriyentlərin qarşısında daha geniş seçim imkanları açır, digər tərəfdən isə onların ödənişsiz əsaslarla ali təhsil almaq şanslarını artırır.

Amma plan yerlərinin artması avtomatik olaraq bütün ixtisaslar üzrə qəbulun asanlaşacağı anlamına gəlmir. Burada əsas məsələ plan yerlərinin ümumi sayından daha çox, onların hansı ixtisaslar və istiqamətlər üzrə artırılmasıdır. Çünki hər ixtisasa olan maraq, həmin ixtisas üzrə rəqabət və əmək bazarının tələbi eyni deyil.

Məsələn, riyaziyyat-kimya altqrupunda mühəndislik ixtisasları üzrə abituriyentlər üçün kifayət qədər imkanlar yaranır. Bu istiqamətdə müvafiq balı toplayan və tələblərə cavab verən abituriyentlərin qəbul imkanları genişlənir. Xüsusilə mühəndislik sahələrinin son illərdə daha çox diqqət mərkəzində olması bu ixtisaslara marağın da artmasına səbəb olur.

Riyaziyyat-informatika altqrupunda isə informasiya texnologiyaları, kompüter mühəndisliyi, kompüter elmləri, informasiya təhlükəsizliyi, data və rəqəmsal texnologiyalarla bağlı istiqamətlərə maraq kifayət qədər yüksəkdir. Eyni zamanda, əmək bazarının da bu sahələrə tələbi yüksək olduğundan, burada perspektiv kifayət qədər böyükdür. Bu səbəbdən plan yerlərinin artırılmasına baxmayaraq, həmin ixtisaslara olan yüksək tələbat və rəqabət nəticəsində bəzi ixtisaslarda keçid ballarında artım da müşahidə oluna bilər. Yəni plan yerlərinin çoxalması hər zaman keçid ballarının aşağı düşməsi ilə nəticələnmir.

Əmək bazarı baxımından yanaşdıqda, plan yerlərinin artırılması yalnız bugünkü ehtiyaclara deyil, yaxın illərin kadr tələbatına hesablanır. Çünki universitetə bu gün qəbul olan tələbə əmək bazarına dərhal deyil, bir neçə ildən sonra daxil olacaq. Buna görə də plan yerləri müəyyənləşdirilərkən yalnız abituriyentlərin hansı ixtisaslara daha çox maraq göstərməsi deyil, ölkə iqtisadiyyatının gələcək inkişaf istiqamətləri də nəzərə alınmalıdır.

İqtisadiyyatın rəqəmsallaşması, informasiya texnologiyalarının inkişafı, mühəndislik sahələrinin genişlənməsi, sənaye və texnologiya sektorunun böyüməsi gələcəkdə daha çox ixtisaslı kadrlara ehtiyac yaradacaq. Buna görə də plan yerlərinin müəyyənləşdirilməsi zamanı bu sahələr üzrə gələcək kadr ehtiyacının nəzərə alınması vacibdir. Universitetə qəbul prosesi yalnız bugünkü abituriyent sayına uyğunlaşdırılmamalı, eyni zamanda gələcək əmək bazarının tələbləri də nəzərə alınmalıdır.

Sonda qeyd etmək olar ki, bu il birinci qrup abituriyentləri üçün əsas üstünlük seçim imkanlarının genişlənməsidir. Plan yerlərinin artırılması abituriyentlərin seçim imkanlarını genişləndirir. Lakin abituriyentlər “plan yeri çoxdur, deməli, qəbul olmaq asandır” məntiqi ilə seçim etməməlidirlər. Çünki qəbul zamanı yalnız plan yerlərinin sayı deyil, həmin ixtisasa olan rəqabət, abituriyentlərin topladığı ballar və ixtisasa olan ümumi maraq da mühüm rol oynayır.

Ona görə də əsas məsələ abituriyentin öz balını, şəxsi marağını və bacarıqlarını düzgün qiymətləndirməsi, eyni zamanda seçəcəyi ixtisasın gələcək əmək bazarındakı perspektivlərini nəzərə almasıdır. Düzgün ixtisas seçimi yalnız universitetə qəbul olmaq baxımından deyil, gələcək karyera baxımından da əhəmiyyət daşıyır”, - deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az