Kürdəmir rayonunda 28 yaşlı oğlan tənha yaşayan qadının evinə gecəyarı tamah məqsədi olmadan basqın etməkdə ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1998-ci il təvəllüdlü Ülfət həmkəndlisi Südabənin (adlar şərtidir – red.) yaşadığı fərdi yaşayış evinə daxil olmaq qərarına gəlib.
O, evin küçə qapısından içəri girməyə çalışıb, lakin küçə qapısının arxadan bağlı olduğunu görüb. O, qadının qonşusunun nar bağı sahəsindən onun həyətyanı sahəsinə, daha sonra isə qadının tək yaşadığı fərdi yaşayış evinə daxil olub.
Bu zaman Südabə Ülfəti gecə saatlarında evində görüb və qorxub. Ülfət Südabənin üzərinə gedərək ona sağlamlığa zərər vurmayan zor tətbiq edib. Sonra Südabənin səsinə kənd sakinlərinin köməyə gəldiyini görüb və evdən qaçmağa çalışarkən səs-küyü eşidərək köməyə gələn kənd sakini Vaqif tərəfindən saxlanılıb.
Ülfətin barəsində Cinayət Məcəlləsinin 157.2-ci (mənzil toxunulmazlığını pozma – eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ülfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, axşam saatlarında kontur almağa gedib:
“Daha sonra Südabənin evinin yanından keçərkən qəflətən onun evinə girməyi qərara aldım. Onun yaşadığı həyətin darvazası bağlı olduğundan, qonşunun nar bağına keçdim. Oradan da Südabənin həyətinə daxil oldum. Həmin vaxt evin qapısı açılaraq Südabə qapıdan çölə boylandı. Bu vaxt onu qucaqlayaraq bir əlim ilə Südabənin ağzını və burnunu tutdum, onu evin içərisinə doğru itələdim. Südabənin ağzını və burnunu tutmaqda məqsədim onun qışqırmaması olub”.
Təqsirləndirilən şəxs deyib ki, Südabə həmin vaxt onu əli ilə vuraraq və itələyərək xilas olmaq istəyib:
“Mən də Südabəni buraxmamaq və müqavimətini qırmaq üçün bir neçə dəfə onun üzünə, başına, sinəsinə şillə və yumruqla vurdum. Bir müddət sonra Südabə məni itələyərək evin giriş qapısından balkona çıxdı və yüksək səslə qışqıraraq qonşulardan kömək istədi. Bu zaman Südabənin yıxıldığını və qonşuların eşitdiyini başa düşdüm, qorxaraq balkondan düşərək qaçmağa başladım. Məni bir nəfər tutaraq saxladı. Həmin vaxt səs-küyə qonşuluqda yaşayan şəxslər də Südabənin həyətinə gəldilər. Onlar məni həyətdə saxlayaraq polis əməkdaşlarına təhvil verdilər”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini deyib.
İş üzrə 1960-cı il təvəllüdlü zərərçəkmiş Südabənin sözlərinə görə, əri Mahir 2002-ci ildə vəfat etdiyindən bəri kənddə yerləşən evində tək yaşayır, övladı yoxdur:
Arabir qardaşım Nəriman və onun övladları gələrək mənə baş çəkirlər. Kənd sakini Ülfəti psixi problemləri olan kənd sakini kimi tanıyıram. Onunla aramızda hər hansı münasibətim, ünsiyyətim olmayıb. Həmçinin aramızda ədavət və düşmənçilik yoxdur. Ülfətin yaşadığı evlə mənim yaşadığım ev arasında çox uzaq məsafə var. Mən kəndin bir tərəfində, Ülfət isə digər tərəfində qalır. İndiyə kimi Ülfəti kənd ərazisində bir-iki dəfə yol gedərkən görmüşəm”.
Südabə qeyd edib ki, məlum hadisə günü, axşam saat 23:30 radələrində yaşadığı evdə yatmaq üzrəykən həyətdə, evin aşağısında it səsinə bənzər səs eşidib və həyətə it girdiyini düşünüb:
“İti qovmaq üçün əlimə oxlov götürərək evin giriş qapısını açaraq balkona çıxmaq istədim. Anidən həmkəndlim Ülfət bir əli ilə ağzımdan və burnumdan, digər əlim ilə isə boğazımdan tutaraq sıxmağa başladı və məni evin içərisinə doğru itələdi. Mən də Ülfətdən xilas olmaq üçün onu itələməyə çalışırdım. Bu mübahisə evin mətbəx otağında baş verdi”.
Südabənin ifadəsinə görə, Ülfət arabir onun ağzını və burnunu tutduğu əlini çəkərək onun başından, kürəyindən yumruqla vurub, daha sonra qışqırmaması üçün yenə də ağzını tutub:
“Amma boğazımı tutaraq sıxdığı əlini çəkməyərək boğazımı sıxmağa çalışırdı. Mən də əlim ilə gücümün çatdığı qədər onu vuraraq xilas olmağa çalışırdım. Həmçinin bacardıqda yüksək səslə qışqıraraq qonşuları köməyə səsləyirdim. Həmin vaxt evin giriş qapısı açıq qalmışdı. Bir müddətdən sonra huşumu itirərək yerə yıxıldım. Ayılanda qonşuların evin balkonunda uzandıraraq üzümə su vurduğunu gördüm. Ayılandan sonra qonşuların deməsinə görə, səs-küyə qonşular evimə gələrək Ülfəti qaçmaq istəyərkən saxladıqlarını və polisə məlumat verdiklərini bildirdilər”.
Yaşlı qadın ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.
Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə Ülfət barəsində amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.


