Arıqlamaq məqsədilə müxtəlif üsullara əl atan insanların sayı artır. Bəzi hallarda hətta mədəyə balon yerləşdirilməsi kimi tibbi müdaxilələrə müraciət edilir. Lakin bəzi hallarda arıqlamaq üçün mədəsinə balon qoyulan şəxsin “pişik yeməyi” ilə qidalanmasının tövsiyə edildiyi də diqqət çəkir.
Belə bir qidalanma üsulu nə dərəcədə doğrudur və mədə balonu olan şəxslər həqiqətən bu cür qidalar qəbul edə bilərmi?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında söyləyib ki, mədədə balon yerləşdirilməsi mədənin həcminin kiçildilməsinə hesablanan prosedurlardan biridir.

Onun sözlərinə görə, təcrübə göstərir ki, doyma hissinin itməsi, mədənin genişlənməsi, insulin müqaviməti bütün bunlar köklüyün və artıq çəkinin əsas səbəbləri sırasında dayanır:
“Mədəyə balon yerləşdirilməsi də bu problemlərin korreksiyasına yönəlmiş prosedurlardan biridir. Ümumiyyətlə, hər bir halda xəstə peşəkar, yəni ixtisaslı dietoloqa müraciət etməlidir. Dietoloq araşdırmalıdır ki, kökəlmənin əsasında nə dayanır. Bu, adipozogenital distrofiya, müxtəlif digər səbəblər və ya insulin müqaviməti ola bilər. Yəni bütün bunların səbəbi müəyyən edildikdən sonra xəstəyə uyğun müalicə və qidalanma planı hazırlanmalıdır”.
Professor bildirib ki, bəzən əməliyyata ehtiyac yaranır:
“Məsələn, həddən artıq çəki həyat üçün təhlükə yaradırsa, belə hallarda mədə kiçiltmə əməliyyatı və ya digər mürəkkəb mədə-bağırsaq şuntlama əməliyyatları aparılır. Bu əməliyyatların hamısı həzmin korreksiyasına, çəkinin azaldılmasına və qida qəbulunun məhdudlaşdırılmasına hesablanıb. Düşünürəm ki, optimal mexanizm axtarılmalı və hər bir halda fərdi yanaşma tətbiq edilməlidir. Ola bilər, zaman gələcək ki, hər hansı dərman preparatı vasitəsilə beyində bu proseslər korreksiya oluna biləcək. Amma hər bir şəxs qida hərisliyindən psixoloji olaraq uzaqlaşa və qidalanmasını düzgün rejimə sala bilsə, öz çəkisinə nəzarət edə bilər”.


