Cəmiyyət Özəl

Uşaqlara bu sözləri demək olmaz, yoxsa böyüyəndə... — Psixoloq

Uşaqlara bu sözləri demək olmaz, yoxsa böyüyəndə... — Psixoloq

Valideynlərin uşaqlıq dövründə dediyi sadə görünən sözlər illər sonra belə insanın özünə münasibətinə, qərarlarına və insanlarla ünsiyyətinə təsir göstərə bilər. “Sən bacarmırsan”, “Ağlama”, “Başqalarının uşaqları daha yaxşıdır” kimi tez-tez təkrarlanan ifadələr bəzən fərqinə varmadan insanın özünəinamını zəiflədə, günahkarlıq hissini gücləndirə və ya daim başqalarının təsdiqini axtarmasına səbəb ola bilər.

Uşaqlıqda eşidilən bu cür cümlələr böyüklük dövründə davranışlarımızı və psixoloji vəziyyətimizi necə formalaşdırır?

Psixoloq Nizami Orucov Demokrat.az-a açıqlamasında bildirib ki, uşaqlıq dövründə valideynlərin dediyi sözlər uşağın özünü necə görəcəyinə böyük təsir göstərir:

“Çünki uşağın ilk “güzgüsü” valideynidir. O, özünü uzun müddət valideynin ona münasibəti və verdiyi mesajlar vasitəsilə tanıyır. Məsələn, “Sən bacarmırsan”, “Səndən heç nə çıxmaz”, “Başqalarının uşaqlarına bax” kimi ifadələr tez-tez təkrarlanarsa, uşaq zamanla bunları sadəcə tənqid kimi deyil, öz şəxsiyyətinin bir hissəsi kimi qəbul edə bilər. Böyüklük dövründə isə bu, özünəinamın aşağı olması, uğursuzluq qorxusu, qərar verməkdə tərəddüd və daim başqalarının təsdiqini axtarmaq kimi davranışlarla özünü göstərə bilər. Eyni şəkildə, “Ağlama”, “Hisslərini göstərmə”, “Güclü ol” kimi mesajlar uşağa emosiyalarını ifadə etməyin yanlış olduğu fikrini ötürə bilər. Nəticədə insan böyüdükdə hisslərini içində saxlayır, kömək istəməkdə çətinlik çəkir və emosiyalarını sağlam şəkildə ifadə edə bilmir”.

Psixoloq əlavə edib ki, ancaq burada vacib bir məqam var:

“Bir-iki dəfə deyilən sözlərlə uzun illər davam edən ünsiyyət tərzini bir-birindən ayırmaq lazımdır. Hər valideyn bəzən əsəbiləşə və uyğun olmayan ifadə işlədə bilər. Uşağın psixoloji inkişafına daha çox təsir edən məhz bu mesajların davamlı olması və ailədə ümumi münasibət tərzidir. Digər tərəfdən, uşaqlıq təcrübələri insanın gələcəyinə təsir etsə də, onu tam müəyyən etmir. İnsan sonradan sağlam münasibətlər qura, özünü daha yaxşı tanıya və lazım gəldikdə psixoloji dəstək alaraq bu mənfi inancları dəyişə bilər. Valideynlər üçün ən vacib tövsiyə odur ki, uşağın şəxsiyyətini deyil, davranışını qiymətləndirsinlər. “Sən tənbəlsən” demək əvəzinə, “Bu işi daha yaxşı edə bilərsən”, “Bu dəfə alınmadı, növbəti dəfə birlikdə çalışarıq” kimi ifadələr uşağın həm özünəinamını qoruyur, həm də inkişafına dəstək olur.

Unutmaq olmaz ki, valideynin gündəlik dediyi sözlər uşağın daxili səsinə çevrilə bilər. Buna görə də uşaqların yaddaşında qorxu yaradan cümlələrdən daha çox, güvən, dəstək və qəbul hissi yaradan sözlərin qalması onların gələcək psixoloji sağlamlığı üçün böyük əhəmiyyət daşıyır”.

Fidan Hacızadə

D
demokrat.az