ABŞ-ın "Cedars-Sinai" Tibb Mərkəzinin alimlərinin apardığı genişmiqyaslı araşdırma göstərib ki, müntəzəm qəhvə istehlakı qaraciyər xəstəlikləri riskinin azalması ilə əlaqəli ola bilər.
Demokrat.az xəbər verir ki, tədqiqatın nəticələri "Clinical Gastroenterology and Hepatology" jurnalında dərc olunub.
Araşdırmada Böyük Britaniyanın Biobank layihəsində iştirak edən təxminən 355 min nəfərin məlumatları orta hesabla 13 il ərzində təhlil edilib. Alimlər ilk dəfə maqnit-rezonans tomoqrafiyası (MRT) və proteomika analizləri vasitəsilə qəhvənin qaraciyərə mümkün təsir mexanizmlərini də araşdırıblar.
Nəticələrə görə, gündə beş və ya daha çox fincan qəhvə içən şəxslərdə qəhvə içməyənlərlə müqayisədə qaraciyər sirrozu riski 32 faiz, qaraciyər xərçəngi riski 47 faiz, qaraciyər xəstəliklərindən ölüm riski isə 42 faiz daha aşağı olub.
Alimlər bildiriblər ki, riskin azalması artıq gündə bir-iki fincan qəhvə qəbul edənlərdə də müşahidə olunub. Ən nəzərəçarpan müsbət nəticələr isə gündə üç-dörd fincan qəhvə içən iştirakçılarda qeydə alınıb.
MRT müayinələri göstərib ki, daha çox qəhvə istehlak edən şəxslərdə qaraciyərdə piylənmə, dəmir yığılması, fibroz və iltihab əlamətləri daha az olub. Qan analizləri isə qaraciyərin normal fəaliyyətini dəstəkləyən zülalların səviyyəsinin yüksək, iltihab və toxuma çapıqlaşması ilə əlaqəli zülalların isə aşağı olduğunu ortaya qoyub.
Tədqiqatın diqqətçəkən nəticələrindən biri də kofeinsiz qəhvənin oxşar təsir göstərməsi olub. Bu isə müsbət təsirin yalnız kofeinlə deyil, qəhvənin tərkibindəki digər bioloji aktiv maddələrlə də əlaqəli ola biləcəyini göstərir.
Araşdırmanın aparıcı müəlliflərindən biri, "Cedars-Sinai" Tibb Mərkəzinin qaraciyər onkologiyası proqramının direktoru Cu Don Yan bildirib ki, nəticələr qəhvəni sevən və onu yaxşı qəbul edən insanlar üçün mülayim istehlakı dəstəkləyir. Bununla belə, alim yalnız bu tədqiqata əsaslanaraq insanlara qaraciyəri qorumaq məqsədilə qəhvə içməyə başlamağı tövsiyə etmədiklərini vurğulayıb.
Tədqiqat müəllifləri xatırladıblar ki, nəzarətsiz yüksək qan təzyiqi, bəzi ürək ritm pozğunluqları və ağır narahatlıq pozuntuları olan şəxslər üçün kofein əks göstəriş ola bilər. Onların sözlərinə görə, qaraciyər xəstəliklərinin qarşısının alınmasında əsas amillər sağlam bədən çəkisinin qorunması, alkoqol istifadəsinin məhdudlaşdırılması, fiziki aktivlik və metabolik risklərin nəzarətdə saxlanılmasıdır.
Jalə Demokrat.az


