Dünya Özəl

Türkiyə F-16-ları Rusiya sərhədinə göndərdi

Türkiyə F-16-ları Rusiya sərhədinə göndərdi

Türkiyə Hərbi Hava Qüvvələri NATO-nun Baltik ölkələrinin hava məkanının mühafizəsi missiyası çərçivəsində Estoniyaya beş ədəd F-16 qırıcısı və 181-ci "Panteralar" eskadrilyasının tərkibindən 76 hərbçi göndərəcək.

Məlumata görə, kontingent Türkiyənin Diyarbəkir şəhərində yerləşən 8-ci Əsas Reaktiv Aviasiya Bazasından Estoniyanın Əmari aviabazasına yerləşdiriləcək. Missiya avqust ayından noyabr ayınadək davam edəcək.

Türkiyə hərbçiləri bu müddət ərzində NATO-nun Quick Reaction Alert (QRA) – sürətli reaksiya döyüş hazırlığı sistemi çərçivəsində 24 saat fasiləsiz növbətçilik aparacaq. Onların əsas vəzifəsi Baltik regionunda hava məkanının mümkün pozuntularına və ya naməlum təyyarələrin aşkarlanmasına operativ reaksiya vermək olacaq.

Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndəsi bildirib ki, bu, NATO-nun sülh dövründə həyata keçirdiyi hava hücumundan müdafiə missiyasıdır və alyansa üzv ölkələrin hava məkanının təhlükəsizliyini təmin etməyə xidmət edir.

Missiya çərçivəsində Türkiyə ekipajları Estoniya, Latviya və Litvanın hava məkanının mühafizəsində iştirak edəcək. Həmin ölkələrin özlərinə məxsus döyüş qırıcıları olmadığından onların hava təhlükəsizliyi NATO müttəfiqlərinin növbəli şəkildə yerləşdirdiyi qüvvələr tərəfindən təmin edilir.

Türkiyə pilotları həmçinin digər NATO üzvləri ilə birgə təlim və əməliyyat fəaliyyətlərinə də qatılacaqlar.

Qeyd edək ki, NATO-nun Baltik Hava Polisi missiyası Estoniya, Latviya və Litvanın 2004-cü ildə alyansa üzv olmasından sonra fasiləsiz şəkildə həyata keçirilir və bölgədə 24 saat döyüş hazırlığında olan qırıcıların növbəli xidmətinə əsaslanır.

Bundan əvvəl Qərb mediası NATO ölkələrinin Ukraynadakı müharibənin yaratdığı tələbat fonunda sursat və partlayıcı maddələrin istehsalını sürətlə artırdığı barədə məlumat yayıb. Eyni zamanda Britaniya kəşfiyyatının qiymətləndirməsinə əsasən, Rusiya ilə NATO arasında gərginliyin yaxın aylarda daha da arta biləcəyi ehtimal olunur.

Demokrat.az

D
demokrat.az