Dünya Özəl

Saxta İlon Mask eşq elan etdi, eyni təqaüdçünü iki dəfə aldatdı

Saxta İlon Mask eşq elan etdi, eyni təqaüdçünü iki dəfə aldatdı

Yaponiyada 31 yaşlı şəxs internet fırıldağında iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.

Demokrat.az-ın məlumatına görə, polis hesab edir ki, cinayətkar özünü amerikalı milyarder İlon Mask kimi təqdim edərək 65 yaşlı qadını onunla romantik münasibətdə olduğuna inandırıb və ondan pul alıb.

İstintaqın məlumatına görə, şübhəli Ryo Ono iyulun 24-də Kumamoto prefekturasında həbs olunub. Hüquq-mühafizə orqanları bildirirlər ki, o, sosial şəbəkələrdə İlon Maskın saxta hesablarını yaradan və iş adamının pərəstişkarları ilə əlaqə saxlayan digər şəxslərlə birlikdə fəaliyyət göstərib.

Zərərçəkənlərdən biri Kamikusa şəhərində yaşayan 65 yaşlı qadın olub. Özünü İlon Mask kimi təqdim edən şəxs ona sevgi etirafları edib, qadının onun üçün vacib olduğunu bildirib və daha sonra müxtəlif bəhanələrlə pul istəməyə başlayıb.

Fırıldaqçı hekayəni daha inandırıcı göstərmək üçün süni intellekt texnologiyasından da istifadə edib. Polis bildirir ki, qadınla videobağlantı qurulub və qarşı tərəf süni intellekt vasitəsilə özünü İlon Mask kimi təqdim edib.

Qadın məşhur sahibkarla danışdığına inanaraq bir neçə dəfə pul köçürüb. Sonradan aldadıldığından şübhələnərək polisə müraciət etsə də, əlaqəni tam kəsməyib və yenidən həmin şəxslərə pul göndərib.

Nəticədə qadın ümumilikdə altı köçürmə həyata keçirərək 1,85 milyon yen məbləğində vəsait itirib. Polis hadisəni mütəşəkkil anonim cinayət qrupunun fəaliyyəti kimi araşdırır və digər mümkün iştirakçıların müəyyənləşdirilməsi istiqamətində istintaqı davam etdirir.

Jalə Demokrat.az

D
demokrat.az