Sağlamlıq Özəl

Arı sancması zamanı edilən səhv həyati risk yaradır — Adil Qeybulla

Arı sancması zamanı edilən səhv həyati risk yaradır — Adil Qeybulla

Yay aylarında insanların daha çox təbiətdə vaxt keçirməsi arı sancması hallarının da artmasına səbəb olur. Əksər hallarda arı sancması yüngül ağrı və şişkinliklə müşahidə olunsa da, bəzi insanlarda bu, qısa müddətdə həyati təhlükə yaradan ağır allergik reaksiyaya səbəb ola bilər.

Bəs ağır allergik reaksiyanın (anafilaktik şokun) qarşısını almaq üçün insanlar hansı əlamətlərə diqqət etməli və belə hallarda ilk tibbi yardım necə göstərilməlidir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, təbii mənşəli zəhərlər, yəni arı, hörümçək, ilan, əqrəb sancmaları, eləcə də bəzi bitkilərin zəhərləri orqanizmə ciddi təsir göstərə bilər.

Onun sözlərinə görə, bu təsirlər yüngül yerli reaksiyalardan başlayaraq toksiki ödemə, anafilaktik şoka, hətta ölümlə nəticələnə bilən ağır fəsadlara qədər dəyişə bilər:

“Bəzi hallarda isə zəhərlər qanaxmalara və digər ağır pozğunluqlara səbəb olur. Hər bir zəhərin təsir mexanizmi fərqlidir. Məsələn, ilan zəhərləri hematotoksik, neyrotoksik, sitotoksik və miotoksik təsirlərə malikdir. Buna görə də zəhərlənmənin gedişi və klinik əlamətləri də fərqli olur. Hörümçəklərin bəzi növləri də kifayət qədər təhlükəlidir. Eyni zamanda bəzi qurbağa növləri və zəhərli bitkilər də insan sağlamlığı üçün ciddi risk yarada bilər. Yəni təbii mənşəli zəhərlərin orqanizmə daxil olması müxtəlif ağır fəsadlarla nəticələnə bilər.

Arı sancmasına gəlincə, yay mövsümündə meşələrin qırılması, relyef və flora örtüyünün dəyişməsi nəticəsində arıların təbii yaşayış mühiti də dəyişir. Bu səbəbdən onlar qida axtarışı zamanı yaşayış məntəqələrinə və insanların olduğu ərazilərə daha çox yaxınlaşırlar.

Allergik reaksiyaya meylli şəxslər bu baxımdan xüsusilə ehtiyatlı olmalıdırlar. Onların həkim təyinatı ilə istifadə etdikləri dərmanlar hər zaman əl altında olmalıdır. Bu, kəskin allergik reaksiyaların qarşısının alınmasına kömək edə bilər.

Güclü allergiyası olan insanlarda arı sancması anafilaktik şoka səbəb ola bilər. Bu vəziyyət çox qısa müddətdə həyati təhlükə yaradır və ölümcül nəticələnə bilər. Belə hallar nadir rast gəlinsə də, tibbi praktikada məlumdur. Buna görə də insanlar məlumatlı olmalı, allergiyaya meylləri varsa, əvvəlcədən həkimlə məsləhətləşərək zəruri profilaktik tədbirlər görməlidirlər.

Əgər arı sancması nəticəsində insanda anafilaktik şok inkişaf edərsə, ilk növbədə onu təhlükəsiz şəkildə uzatmaq, tənəffüsünü və nəbzini nəzarətdə saxlamaq, tənəffüs yollarının açıq qalmasını təmin etmək lazımdır. Həkim təyinatı ilə istifadə olunan antihistamin preparatlar (məsələn, dimedrol, suprastin, tavegil və ya setirizin) köməkçi vasitə kimi istifadə oluna bilər. Anafilaktik şok zamanı əsas müalicə vasitəsi adrenalin olduğundan, dərhal təcili tibbi yardım çağırılmalıdır. Zərurət yarandıqda və tibbi biliklər olduqda prednizolon da tətbiq edilə bilər. Lakin bunlar yalnız həkiməqədərki ilkin yardım tədbirləridir. İstənilən halda xəstə ən qısa zamanda tibb müəssisəsinə çatdırılmalıdır. Bu, xəstənin həyatını xilas etmək üçün həlledici əhəmiyyət daşıyır”, – deyə Adil Qeybulla fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az