Samux rayonunda 64 yaşlı kişi keçmiş kürəkəninə xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib.
1962-ci il təvəllüdlü Asif (ad şərtidir – red.) gecə saat 01:00 radələrində yaşadığı evin həyətində olarkən keçmiş kürəkəni Aqilin (ad şərtidir – red.) spirtli içki qəbul etmiş vəziyyətdə onların yaşadığı ünvana gəldiyini görüb.
Sərxoş vəziyyətdə olan Aqil həyət qapısının qarşısından keçmiş həyat yoldaşı Mədinəni səsləyərək onunla danışmaq istədiyini bildirib. Mədinə buna razılıq vermədikdə, Aqil nalayiq ifadələr işlədib və həyətə daxil olub.
Bunu görən 64 yaşlı Asif hiddətlənərək əlində olan bellə Aqilin bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə endirib.
Faktla bağlı Asif barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə ifadə verən Asif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə zamanı Aqil yaşadıqları evin qarşısına gələrək nalayiq ifadələr işlədib və qapını açmalarını tələb edib:
"Biz qapını açmadıqda, qapını təpiklə vuraraq açdı və həyətə daxil oldu. Aqil həmin vaxt sərxoş idi. O, əlində bıçaqla həyat yoldaşıma tərəf getdiyi üçün beli götürərək ona zərbə vurdum. Bu hadisədən əvvəl də tez-tez evimizə gələrək mübahisələr yaradırdı. Aqil spirtli içki qəbul etdikdən sonra qızımla tez-tez mübahisə edirdi. Onu vurduqdan sonra təcili tibbi yardıma zəng etdim, gəlib onu xəstəxanaya apardılar.
Növbəti gün isə polis əməkdaşlarına gedərək təslim oldum."
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmişlə barışdığını bildirib.
Zərərçəkmiş Aqil isə ifadəsində Asifdən şikayətçi olmadığını deyib:
"Hadisəni tam xatırlamıram. Həmin gün sərxoş vəziyyətdə olmuşam və necə xəsarət aldığımı xatırlamıram. Asif indiyədək mənim müalicəmə təxminən 7000 manat pul xərcləyib. Onunla barışmışam, heç bir şikayətim və tələbim yoxdur."
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asif barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. O, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, cəza 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.
Hökmdə qeyd edilib ki, sınaq müddəti ərzində Asif davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməməli, buna icazə verildiyi halda isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata düşərək bu barədə həmin orqana məlumat verməlidir.
Bundan əlavə, təqsirləndirilən şəxsin davranışına nəzarətin həyata keçirilməsi Samux Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.
Məhkəmənin qərarı ilə Asif barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub.


