Kriminal Özəl

FHN-də işə düzəlmək üçün 2600 manat verdi, aldadıldı — Məhkəmə

FHN-də işə düzəlmək üçün 2600 manat verdi, aldadıldı — Məhkəmə

Fövqəladə Hallar Nazirliyinə mühafizəçi kimi işə düzəlmək istəyən şəxs dələduzluqla üzləşib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Abbas Məmmədov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Əhmədə özünü nüfuzlu şəxs kimi təqdim edib.

O, Əhmədin qohumu Fəhmini (adlar şərtidir – red.) Fövqəladə Hallar Nazirliyində mühafizəçi kimi işə düzəldəcəyini vəd edib və bu məqsədlə uydurduğu yalana inandıraraq onun etibarını qazanıb.

Daha sonra həmin etibardan sui-istifadə edərək, guya işin həll edilməsi üçün aidiyyəti şəxslərə çatdırılması adı ilə Əhməddən 2024-cü ilin müxtəlif vaxtlarında Fəhmiyə məxsus 2600 manatı ələ keçirməklə dələduzluq edib.

Fəhminin şikayəti əsasında Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxslə barışıb, ona dəymiş ziyanı ödəyib və zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi yoxdur.

O, həmçinin yazılı ərizə təqdim edərək barəsində amnistiya aktının tətbiq edilməsini və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Məmmədovun barəsində amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli

D
demokrat.az