Ötən gün Bakıda naməlum şəxs tərəfindən mənzillərin qapısına yaxınlaşaraq qulaq asması ilə bağlı polisə şikayət edilib.
Bəs naməlum şəxsin mənzilin qapısını dəfələrlə dinləməsi hüquqi baxımdan hansı hüquq pozuntusu və ya cinayətin əlaməti hesab oluna bilər? Belə hallarda vətəndaş ilk hadisədən sonra dərhal polisə müraciət etməlidirmi, yoxsa təkrarlanmasını gözləməlidir? Bu cür davranış gələcəkdə daha ağır cinayətə hazırlıq kimi qiymətləndirilə bilərmi və hüquq-mühafizə orqanları belə müraciətlərdə hansı riskləri nəzərə alır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Mirəli Hüseynov bildirib ki, şəxsin başqasının mənzilinin qapısını qəsdən dinləməsi hüquq pozuntusunun əlaməti kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, bu, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatının toxunulmazlığı hüququnun kobud şəkildə pozulmasıdır:
“Həmin maddəyə əsasən, hər kəsin şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır və öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilə, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Qanunvericilik belə hallarda mülki məsuliyyət nəzərdə tutur. Şəxsi və ailə həyatına qanunsuz müdaxilə mənəvi ziyanın ödənilməsini tələb etməyə əsas verir. Lakin izlənməyə məruz qalan şəxs polisə də şikayət etməkdə haqlıdır və belə hallarda polisə müraciət edilməsi ciddi tövsiyə olunur. Çünki qapının mütəmadi dinlənməsi bu davranışın cinayətə hazırlıq məqsədi daşımasını istisna etmir. Bu məqsədin nə olduğunu isə yalnız şikayət olduğu halda və aparılan təhqiqat nəticəsində polis müəyyən edə bilər”, – deyə hüquqşünas fikrini tamamlayıb.


