Sağlamlıq Özəl

41 yaşlı qadının qəfil ölümü həyəcan yaratdı — Həkimdən adi görünən xəstəliklə bağlı çağırış

41 yaşlı qadının qəfil ölümü həyəcan yaratdı — Həkimdən adi görünən xəstəliklə bağlı çağırış

Cəmiyyətdə qızdırma çox vaxt adi simptom kimi qəbul olunur. Halbuki yüksək hərarət bəzən ağır virus və bakterial infeksiyaların, hətta həyati təhlükə yaradan xəstəliklərin ilk əlaməti ola bilər.

Xüsusilə yay mövsümündə hansı infeksiyalar daha çox müşahidə edilir, yüksək hərarət neçə gün ev şəraitində izlənilə bilər və hansı simptomlar yarandıqda vaxt itirmədən xəstəxanaya müraciət etmək vacibdir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında pediatr infeksionist Aytən Ziyadova bildirib ki, qızdırma və ya febril sindrom uşaqlıq dövründə ən çox rast gəlinən klinik əlamətlərdən biridir.

Onun sözlərinə görə, hərarətin yüksəlməsini təkcə simptom kimi deyil, həm də orqanizmdə gedən immun-inflamator prosesin göstəricisi kimi qiymətləndirmək lazımdır:

“Hipertermiya, yəni yüksək hərarət çox zaman viral infeksiyaların fonunda müşahidə olunsa da, bəzi hallarda invaziv bakterial infeksiyaların, sepsisin, mərkəzi sinir sistemi infeksiyalarının və digər ağır infeksion patologiyaların ilkin klinik təzahürü ola bilər. Yay mövsümündə pediatrik praktikada daha çox enterovirus infeksiyaları, rotavirus və digər kəskin bağırsaq infeksiyaları, salmonellyoz, şigellyoz, kampilobakterioz, respirator virus infeksiyaları, bakterial tonzillofaringitlər, pnevmoniyalar, sidik yollarının infeksiyaları və bəzi vektorlarla ötürülən infeksiyalar müşahidə edilir.

Febril xəstənin qiymətləndirilməsində yalnız temperatur göstəricisi deyil, uşağın ümumi klinik vəziyyəti, intoksikasiya əlamətləri, perfuziya göstəriciləri, tənəffüs funksiyası, hidratasiya statusu və nevroloji simptomları əsas meyar hesab olunur.

Əgər yüksək hərarət fonunda uşaqda proqressiv halsızlıq, letargiya, şüur dəyişiklikləri, respirator distress, qıcolma, meningeal simptomlar, peteşial və ya hemorragik səpkilər, davamlı qusma, ağır dehidratasiya əlamətləri müşahidə olunursa, bu, təcili tibbi qiymətləndirmə tələb edən “qırmızı bayraq” əlamətləridir.

Valideynlərin ən çox etdiyi səhvlərdən biri yalnız temperatur rəqəminə fokuslanmaqdır. Halbuki infeksion xəstəliklərdə əsas qiymətləndirmə uşağın klinik vəziyyətinə əsaslanmalıdır. Sağlam uşaqlarda və təhlükə əlamətləri olmayan hallarda qızdırma müəyyən müddət müşahidə edilə bilər. Lakin 3 gündən artıq davam edən febril vəziyyət, təkrarlanan yüksək temperatur epizodları və ya klinik pisləşmə mütləq həkim müayinəsini tələb edir. Xüsusilə 3 aydan kiçik körpələrdə 38°C və daha yüksək hərarət ciddi yanaşma tələb edən vəziyyətdir və pediatrik qiymətləndirmə gecikdirilməməlidir.

Ağdaşda baş vermiş hadisə ilə bağlı rəsmi klinik məlumat olmadan səbəb barədə nəticə çıxarmaq düzgün deyil. Lakin bu kimi hallar bir daha göstərir ki, qızdırma bəzən sadə infeksiyadan daha ciddi patologiyaların ilk xəbərçisi ola bilər.

Mənim valideynlərə əsas tövsiyəm budur: qızdırmanı sadəcə rəqəm kimi deyil, uşağın orqanizminin verdiyi klinik siqnal kimi qiymətləndirin. Erkən diaqnostika və vaxtında tibbi yardım ağır infeksion xəstəliklərin ağırlaşmalarının qarşısının alınmasında əsas rol oynayır”, - deyə Aytən Ziyadova fikrini tamamlayıb.

Xatırladaq ki, ötən gün Ağdaşda 46 yaşlı qadın qızdırmadan ölüb.

Nuray Paşşanlı

D
demokrat.az