Sağlamlıq Özəl

Mikroplastiklər xərçəng riskini artırır? — Açıqlama

Mikroplastiklər xərçəng riskini artırır? — Açıqlama

Mikroplastik çirklənməsi ilə bağlı aparılan araşdırmalar narahatedici nəticələr ortaya qoymağa davam edir. Son elmi tədqiqatlarda insan bədənində, o cümlədən ana südündə rekord miqdarda mikroplastik hissəciklərinin aşkar edilməsi bu problemin sağlamlığa mümkün təsirləri ilə bağlı narahatlıqları daha da artırıb.

Qlobal plastik sənayesinin bu fəsadı insan genofondunun geri dönməz şəkildə mutasiyasına və gələcək nəsillərin kütləvi xroniki xəstəliklərlə doğulmasına səbəb olacaq?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki,plastik qabların, butulkaların və digər plastik materialların qida sənayesində geniş istifadəsi ciddi problemlər yaradıb:

“Bu materialların utilizasiyası çətindir, torpağa və suya qarışaraq ətraf mühitin çirklənməsinə səbəb olur. İnsanlar gəmilərdən, qayıqlardan və digər nəqliyyat vasitələrindən istifadə etdikdən sonra plastik qabları çox vaxt birbaşa dənizə və okeana atırlar. Nəticədə, bu gün dünya okeanları və dənizləri plastik tullantılar səbəbindən ciddi çirklənmə ilə üz-üzədir. Digər tərəfdən, plastik qablarla təmasda olan qida məhsullarından müəyyən maddələr insan orqanizminə keçir. Bu maddələr ana südü vasitəsilə körpələrə də ötürülə bilər. Belə təsirlər orqanizmdə sərbəst radikalların artmasına, hüceyrələrdə mutasiyalara və nəticədə xərçəng kimi xəstəliklərin yaranma riskinin yüksəlməsinə səbəb ola bilər”.

Professor vurğulayıb ki, plastik qablar uzun müddət istifadə edildikdə və ya günəş şüaları altında qaldıqda, dioksin kimi toksiki maddələrin yaranması riski də mövcuddur:

“Halbuki ev şəraitində insanlar bu qablarda müxtəlif qida məhsullarını, konservləri və digər ərzaqları uzun müddət saxlayırlar ki, bu da sağlamlıq üçün əlavə risk yarada bilər. Bu məsələ ilə bağlı Dünya Səhiyyə Təşkilatının da müxtəlif hesabatları mövcuddur. Problemin effektiv həlli üçün beynəlxalq səviyyədə vahid qərar qəbul edilməlidir. Belə bir qərar qəbul olunsa və ölkələrdə plastik qabların istifadəsinə dair müəyyən məhdudiyyətlər tətbiq edilsə, bunun müsbət təsiri bütün dünyada hiss oluna bilər. Lakin hazırda iri həcmli su butulkaları, sərinləşdirici içkilər və bir çox digər qida məhsulları hələ də plastik qablarda satışa çıxarılır. Bu məhsulların tərkibindəki konservantlarla yanaşı, plastik qabların özü də insan sağlamlığı üçün əlavə risk faktorudur. Burada hələ qidanın keyfiyyət göstəricilərini ayrıca müzakirə etmirik. Bu problem gələcəkdə daha da dərinləşəcək. Çünki dünya əhalisi artır və qida məhsullarının geniş miqyasda qablaşdırılması zərurəti qalır. Tam zərərsiz alternativ materialların hazırlanması vacibdir. Şüşə qablarla bütün bu ehtiyacı qarşılamaq isə həm iqtisadi, həm də logistik baxımdan asan deyil. Buna görə də plastik qabların yaratdığı problem olduqca ciddidir və hələlik onun tam həllinə dair real perspektiv görünmür”.

Fidan Hacızadə

D
demokrat.az