Generativ süni intellektin ali təhsil sistemində, xüsusən elmi yazı prosesində getdikcə daha çox yer alması artıq nəzəri müzakirə mövzusu olmaqdan çıxıb, universitetlərin gündəlik reallığına çevrilib. Bu, həm imkanlar, həm də ciddi risklər yaradan ikili bir proses kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, bu tendensiyanın gələcəyi texnologiyanın özündən çox, universitetlərin qiymətləndirmə fəlsəfəsini nə dərəcədə tez və effektiv yeniləməsindən asılı olacaq.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırkı mərhələdə süni intellektdən təhsil sahəsində geniş istifadə olunur.
Onun sözlərinə görə, xüsusilə diplom işlərinin, elmi məqalələrin, fərdi tapşırıqların, tədqiqat və dissertasiya işlərinin hazırlanmasında generativ süni intellekt alətlərinə müraciət edilir:
“Bu isə obyektiv qiymətləndirmə prosesinə və elmi tədqiqatların keyfiyyətinə mənfi təsir göstərən amillərdən biridir. Çünki bəzi hallarda müəllif hazırladığı tədqiqat və ya dissertasiya işi ilə bağlı kifayət qədər biliyə malik olmur, əksinə, süni intellektin təqdim etdiyi məlumatlardan olduğu kimi istifadə edir.
Hesab edirəm ki, belə bir şəraitdə mütləq əks tədbirlər görülməlidir. Bununla belə, süni intellekt informasiyaya çıxışı asanlaşdırır, məlumatların əldə olunması və emalı prosesində insanların işini xeyli yüngülləşdirir. Lakin əsas məqsəd tədqiqatçının elmi işi müstəqil şəkildə aparmaq bacarığını formalaşdırmaq olmalıdır.
Bu baxımdan alternativ qiymətləndirmə mexanizmlərinin hazırlanmasına ehtiyac var. Elmi iş təqdim edildikdən sonra müəllifin həmin mövzu üzrə bilik və səriştəsi əlavə üsullarla da qiymətləndirilməlidir. Bu, şifahi müdafiə, açıq təqdimat, yazılı imtahan və ya digər qiymətləndirmə üsulları vasitəsilə həyata keçirilə bilər. Məqsəd müəllifin təqdim etdiyi işi həqiqətən özü hazırlayıb-hazırlamadığını və mövzuya nə dərəcədə bələd olduğunu müəyyən etməkdir.
Əks halda, bu tendensiyanın davam etməsi həm universitet diplomlarının etibarlılığına, həm də elmi tədqiqatların keyfiyyətinə ciddi mənfi təsir göstərəcək. Bu isə uzunmüddətli perspektivdə elmin və ali təhsilin inkişafına əngəl yarada bilər”, – deyə ekspert fikrini tamamlayıb.


