Qarpızın düzgün saxlanmaması onun dadına və şirəliliyinə mənfi təsir göstərə bilər.
Demokrat.az xəbər verir ki, “Simply Recipes” nəşri ekspertlərə istinadən bildirir ki, meyvənin daha uzun müddət təzə və şirin qalması üçün onu otaq temperaturunda, birbaşa günəş şüalarından qorunan yerdə saxlamaq tövsiyə olunur.
Fermer İnqrid Abraham qeyd edir ki, isti iqlimdə yetişən meyvə və tərəvəzlər, o cümlədən pomidor və qarpız, aşağı temperaturu sevmir. Onun sözlərinə görə, bütöv qarpızı soyuducuya qoymaq əvəzinə otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur.
Dietoloq Culi Stefaneski də bütöv qarpızın dərhal soyuducuya yerləşdirilməsini məsləhət görmür. O bildirir ki, aşağı temperatur meyvənin dadına, teksturasına və bəzi qida maddələrinin səviyyəsinə mənfi təsir göstərə bilər.
Ekspertin sözlərinə görə, qarpızın tərkibində hüceyrələri zədələnmədən qorumağa kömək edən bitki piqmenti — likopin var. 21°C, 13°C və 5°C temperaturda saxlanılan qarpızların müqayisə edildiyi araşdırma göstərib ki, ən yüksək likopin səviyyəsi otaq temperaturunda saxlanılan meyvələrdə qeydə alınıb.
Bütöv qarpız nə qədər saxlanıla bilər?
Sərin, quru və günəş işığından uzaq yerdə saxlanılan bütöv qarpız təxminən bir həftə təzə qala bilər. Soyuducuda isə iki-üç həftəyədək yararlı olsa da, mütəxəssislər bu üsulu uzunmüddətli saxlanma üçün tövsiyə etmirlər.
Onlar qarpızın mümkün qədər tez istehlak edilməsini məsləhət görürlər. Çünki məhsul yığıldıqdan sonra nə qədər az vaxt keçərsə, onun dadı da bir o qədər yaxşı olur. Bununla belə, soyuq qarpıza üstünlük verənlər meyvəni istehlakdan bir neçə saat əvvəl soyuducuya qoya bilərlər.
Doğranmış qarpız necə saxlanmalıdır?
İnqrid Abraham qarpızın təbii qoruyucu təbəqəsi olan qabığından maksimum istifadə etməyi tövsiyə edir. Onun sözlərinə görə, yalnız lazım olan hissəni kəsmək və bütün meyvəni birdəfəyə doğramamaq nəmin itirilməsinin qarşısını alır, həmçinin lətin daha uzun müddət təzə qalmasına kömək edir.
Əgər qarpız artıq kub şəklində doğranıbsa, onu hermetik bağlanan qabda soyuducuda saxlamaq lazımdır. Culi Stefaneskinin sözlərinə görə, belə şəraitdə doğranmış qarpız üç-dörd gün təzə qala bilər.
Qarpızın üzərində kif əmələ gəlibsə, səthi selikli olubsa və ya yeyərkən qeyri-adi, qazlı dad hiss olunursa, onu istehlak etmək olmaz və meyvə utilizasiya edilməlidir.
Jalə Demokrat.az


