Kriminal Özəl

"Arvadımın telefonuna baxanda qeyri-etik məzmunlu yazışmalar gördüm"

Arvadımın telefonuna baxanda qeyri-etik məzmunlu yazışmalar gördüm

Bakının Nərimanov rayonunda qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirən şəxs hakim qarşısına çıxarılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Arif Hacıyev küçəsində yerləşən yaşayış binalarından birində baş verib.

İstintaq materiallarına əsasən, 1995-ci il təvəllüdlü Ayaz (ad şərtidir) birgə yaşadıqları mənzildə həyat yoldaşı Vüsalə (ad şərtidir) ilə qısqanclıq zəminində yaranan mübahisə zamanı onu əl və ayaq zərbələri ilə döyərək sifətinə və bədəninin müxtəlif nahiyələrinə müxtəlif dərəcəli xəsarətlər yetirib.

Faktla bağlı Ayaza Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən Ayaz ittiham üzrə özünü təqsirli bildiyini deyib.

Onun sözlərinə görə, Vüsalə ilə 2018-ci ildə rəsmi nikaha daxil olub və bu evlilikdən 2019 və 2021-ci il təvəllüdlü iki qız övladları var.

"Hər bir ailədə olduğu kimi bizim də aramızda dəfələrlə mübahisələr olub. Mübahisələrin əsas səbəbi Vüsalənin marketdə işləməsi və mənim buna etiraz etməyim idi. Mən onun evdə qalaraq uşaqlara və ev işlərinə baxmasını istəyirdim. Lakin o, işləməyə davam etdi. İşlədiyi müddətdə ona tanımadığım nömrələrdən zənglər gəlirdi. O isə bunların iş yoldaşları olduğunu deyirdi. Bu məni qəzəbləndirirdi."

Ayaz bildirib ki, hadisə günü səhər saat 08:00 radələrində həyat yoldaşı işə getməyə hazırlaşarkən yenidən ona zəng gəlib.

"Vüsalədən zəng edən şəxsin kim olduğunu soruşdum. O, yenə iş yoldaşları olduğunu dedi. Sonra mobil telefonuna baxanda həmin şəxslə intim məzmunlu yazışmaları gördüm. Çox əsəbiləşdim və özümü saxlaya bilmədim. Yumruqla sifətinə və baş nahiyəsinə zərbələr vurdum. Harasına neçə dəfə vurduğumu xatırlamıram. Daha sonra Vüsalə evdən çıxdı."

Təqsirləndirilən şəxs əlavə edib ki, həmin gün axşam polis əməkdaşları onunla əlaqə saxlayaraq şöbəyə dəvət ediblər.

"17-ci Polis Şöbəsinə gedərək izahat verdim. Vüsalənin mənə xəyanət etdiyini və başqa kişilərlə yazışdığını düşündüyüm üçün onu vurduğumu etiraf etdim. Sonradan telefonuna baxanda digər şəxslərlə də oxşar məzmunlu yazışmalar gördüm və boşanmaq üçün məhkəməyə müraciət etdim."

Zərərçəkmiş Vüsalə isə məhkəmədə ərinin onu əsassız yerə qısqandığını bildirib.

Onun sözlərinə görə, hadisə günü səhər işə hazırlaşarkən iş yoldaşları ona zəng edərək işə nə vaxt gələcəyini soruşublar.

"Ayaz telefon danışığımı gördü və daha sonra mobil telefonuma baxdı. Yazışmaları görəndən sonra əsəbiləşərək yumruqla sifətimə və baş nahiyəmə zərbələr vurdu. Mən əllərimlə özümü qorumağa çalışırdım. Bu zaman yumruqlardan biri sol əlimin baş barmağına dəydi. Sonra o, əl və ayaq zərbələri ilə qollarıma və hər iki ayağımın bud nahiyəsinə də vuraraq məni döyməyə davam etdi."

Vüsalə bildirib ki, hadisədən sonra Ayaz evdən çıxıb gedib.

"Həmin gün işdən icazə alaraq işə getmədim. Axşama qədər gözlədim ki, bəlkə etdiyinə görə üzr istəyər. Lakin nə zəng etdi, nə də mənimlə maraqlandı. Bundan sonra Daxili İşlər Nazirliyinin '102' xidmətinə zəng edərək döyülməyim barədə məlumat verdim."

Cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ayaz Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Fariz Məlikli

D
demokrat.az