Rusiya-Ukrayna müharibəsi davam etdiyi vaxtda qarşıdurmanın miqyası və beynəlxalq təhlükəsizliklə bağlı narahatlıqlar artır. Ukrayna hava hücumundan müdafiə qüvvələri ölkənin müxtəlif istiqamətlərində Rusiyaya məxsus “İsgəndər-M/S-400” ballistik raketlərini və müxtəlif tipli pilotsuz uçuş aparatlarını zərərsizləşdirdiyini açıqlayıb. Eyni zamanda ABŞ-İran münasibətlərində gərginliyin yüksəlməsi qlobal təhlükəsizlik risklərini daha da gündəmə gətirir.
Ukrayna-Rusiya müharibəsi və ABŞ-İran arasındakı artan gərginlik fonunda dünyada daha genişmiqyaslı münaqişə, hətta III Dünya müharibəsi ehtimalı nə dərəcədə real görünür?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən politoloq Rəşad Bayramov söyləyib ki, Rusiya-Ukrayna müharibəsinin davam etməsi və paralel olaraq ABŞ-İran münasibətlərində gərginliyin artmasının beynəlxalq təhlükəsizlik gündəliyində ciddi narahatlıqlar yaratması tamamilə təbiidir:
“Belə ki, müxtəlif regionlarda baş verən bu proseslər ilk baxışdan bir-birindən ayrı görünsə də, əslində müasir dünya siyasətində böyük güclər arasında rəqabət, təhlükəsizlik arxitekturasındakı dəyişikliklər və regional qarşıdurmalar bir-biri ilə müəyyən mənada əlaqəlidir. Başlayaq Rusiya-Ukrayna müharibəsindən. Bu müharibə artıq Avropanın təhlükəsizlik sistemi üçün ən ciddi sınaqlardan birinə çevrilib. Raket zərbələri, pilotsuz uçuş aparatlarından istifadə və qarşılıqlı hücumlar müharibənin texnoloji və hərbi miqyasını xeyli genişləndirib. Xüsusilə Rusiyanın uzaqmənzilli raket sistemlərindən, Ukraynanın isə Qərb istehsalı silah və hava hücumundan müdafiə imkanlarından istifadə etməsi bu münaqişənin təkcə iki ölkə arasında deyil, daha geniş geosiyasi qarşıdurmanın elementinə çevrildiyini nümayiş etdirir. Paralel olaraq ABŞ-İran münasibətlərində artan gərginlik də qlobal təhlükəsizlik baxımından əlavə risklər yaradır. Yaxın Şərqdə eskalasiya enerji bazarlarına, beynəlxalq ticarət yollarına və böyük dövlətlərin hərbi resurslarının bölüşdürülməsinə təsir edir”.
Rəşad Bayramovun sözlərinə görə, ABŞ-nin diqqətinin eyni vaxtda həm Avropa, həm də Yaxın Şərq istiqamətində cəmlənməsi qlobal güc balansı baxımından da yeni çağırışlar meydana çıxarır:
“Bütün bu faktorlar istər-istəməz III Dünya müharibəsi ilə bağlı ehtimalların meydana çıxmasına zəmin yaradır. Lakin hazırkı mərhələdə belə bir ssenarini qaçılmaz hesab etmək düzgün olmazdı. Çünki böyük dövlətlər, xüsusilə nüvə silahına malik ölkələr birbaşa qarşıdurmanın hansı fəsadlara gətirib çıxara biləcəyini yaxşı anlayırlar. Məhz qarşılıqlı məhvetmə riski böyük gücləri müəyyən hədləri aşmamaq və böhranları idarə olunan səviyyədə saxlamaq istiqamətində ehtiyatlı davranmağa məcbur edir. Amma ən təhlükəlisi odur ki, böyük dövlətlər birbaşa müharibə istəməsə də, lokal münaqişələrdə yanlış hesablamalar, təsadüfi insidentlər və nəzarətdən çıxan eskalasiya fonunda müharibələrin miqyası böyüsün. Tarix də göstərir ki, böyük müharibələr bəzən tərəflərin əvvəlcədən planlaşdırmadığı hadisələr zəncirinin nəticəsi kimi meydana çıxa bilir.
Digər tərəfdən, müasir qarşıdurmalar artıq klassik müharibə anlayışından kənara çıxıb. Kiber hücumlar, informasiya müharibəsi, iqtisadi sanksiyalar, enerji və logistika təzyiqləri də qlobal rəqabətin əsas alətlərinə çevrilib. Bu isə təhlükəsizlik anlayışını daha mürəkkəb və çoxşaxəli edir.
Odur ki, hazırkı beynəlxalq vəziyyət Soyuq müharibədən sonrakı dövrün ən mürəkkəb mərhələlərindən biri kimi qiymətləndirilsə də, Ukrayna müharibəsi və ABŞ-İran gərginliyi hələlik III Dünya müharibəsinin başlanacağı anlamına gəlmir. Əsas risk isə böyük dövlətlər arasında birbaşa toqquşmada yox, regional münaqişələrin bir-biri ilə əlaqələnməsi və nəzarətdən çıxması ehtimalı ilə bağlıdır”.


