Sağlamlıq Özəl

Qida zəhərlənməsinin əsas səbəbləri açıqlandı

Qida zəhərlənməsinin əsas səbəbləri açıqlandı

Son dövrdə qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciətlərin artması cəmiyyətdə evdə hazırlanan qidaların təhlükəsizliyi məsələsini yenidən aktuallaşdırıb. Bu cür halların əksəriyyəti qidanın hazırlanması, saxlanılması və istehlakı zamanı gigiyena qaydalarına lazımi səviyyədə əməl olunmamasından qaynaqlanır. Xüsusilə yay aylarında yüksək temperatur bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaradır ki, bu da riski daha da artırır.

Mövzu ilə bağlı Demokrat.az-a danışan pediatr-infeksionist Aytən Ziyadova bildirib ki, qida zəhərlənmələri sadəcə "qida toxundu" kimi qiymətləndiriləcək sadə hal deyil:

"Tibbi baxımdan bu hallar qida mənşəli infeksiyalar və intoksikasiyalar adlanır. Xüsusilə uşaq orqanizmi üçün həyati təhlükə yarada bilər. Xəstəlik qida və ya içkilərlə orqanizmə daxil olan mikroorqanizmlər və ya onların yaratdığı toksinlər nəticəsində yaranır.

Qida mənşəli xəstəliklərin əsas törədiciləri arasında "Salmonella", "Campylobacter", Şiqa toksini yaradan "Escherichia coli (STEC)", "Listeria monocytogenes" və "Yersinia enterocolitica" kimi bakteriyalar xüsusi yer tutur. Bu mikroorqanizmlər çirklənmiş qidalar vasitəsilə insan orqanizminə daxil olaraq bağırsaq infeksiyası yarada bilər. Bəzi hallarda problem bakteriyanın özündən deyil, onun qidada əvvəlcədən əmələ gətirdiyi toksinlərdən qaynaqlanır. "Staphylococcus aureus" və "Bacillus cereus" kimi bakteriyalar düzgün saxlanılmayan qidalarda toksin yarada bilər. Bu zaman qidanı qəbul edən şəxsdə qısa müddət ərzində ürəkbulanma, təkrarlayan qusma, qarın ağrısı və ishal kimi əlamətlər meydana çıxa bilər. Ev şəraitində hazırlanan qidalarda əsas risk mikroblarla çirklənmə və onların çoxalmasıdır.

Əllərin kifayət qədər yuyulmaması, mətbəx səthlərinin və qabların gigiyenik olmaması, çiy və hazır qidaların bir-birinə təması, tez xarab olan məhsulların uzun müddət otaq temperaturunda saxlanılması bakteriyaların çoxalmasına şərait yaradır.

Xüsusilə süd və süd məhsulları, yumurta tərkibli qidalar, kremli şirniyyatlar, ət və toyuq məhsulları düzgün saxlanılmadıqda riskli qidalara çevrilir. Bəzi bakteriyalar isti və rütubətli mühitdə sürətlə çoxalır. Qida hazırlamazdan əvvəl əllər yaxşı yuyulmalı, istifadə olunan qablar və səthlər təmiz saxlanmalı, çiy və bişmiş qidalar ayrı tutulmalı, qidalar kifayət qədər bişirilməli, tez xarab olan məhsullar isə düzgün temperaturda saxlanılmalıdır.

Uşaqlarda qida mənşəli infeksiyalar daha ağır keçə bilər, çünki onlarda maye itkisi daha tez inkişaf edir. Qusma, çoxsaylı ishal, yüksək hərarət, halsızlıq, ağız quruluğu, sidiyin azalması kimi əlamətlər olduqda vaxtında həkimə müraciət etmək vacibdir.

Evdə hazırlanan qidalar özlüyündə təhlükəli deyil. Lakin gigiyena qaydalarına əməl edilmədikdə ciddi risk yarada bilər. Onların təhlükəsizliyi hazırlanma, saxlanma və təqdim edilmə qaydalarına nə qədər düzgün əməl olunmasından asılıdır. Qida gigiyenasına riayət etmək həm özümüzü, həm də ailəmizi qida mənşəli infeksiyalardan qorumağın ən effektiv yoludur", – deyə Aytən Ziyadova fikrini tamamlayıb.

Qeyd edək ki, ötən gün Samux rayonunun Alıuşağı kəndində ev şəraitində hazırlanan halvanı qəbul etdikdən sonra 10-dan çox şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Nuray Paşşanlı

D
demokrat.az