Bu gün dünya iqtisadiyyatının mərkəzində artıq neft yox, texnologiya dayanır. Xüsusilə mikroçip sənayesi qlobal güc balansını müəyyən edən əsas amilə çevrilib. Rəqəmsal iqtisadiyyatın, süni intellektin və müasir silah sistemlərinin əsasını təşkil edən bu sahə ölkələr arasında yeni rəqabət mərhələsi yaradıb. Çip sənayesinə nəzarət uğrunda gedən bu mübarizə dünya iqtisadiyyatının gələcək strukturunu necə dəyişdirəcək və ölkələr bu yeni texnoloji asılılıq dövrünə necə uyğunlaşacaq?
İqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlamasında bildirib ki, “iqtisadiyyatın mərkəzində artıq neft yoxdur” fikri tam doğru yanaşma hesab edilə bilməz:

“Çünki neft bu gün də dünya iqtisadiyyatının istiqamətini müəyyən edən əsas amillərdən biri olaraq qalır. Enerji resursları hələ də həm qlobal siyasətdə, həm də iqtisadi münasibətlərdə mühüm rol oynayır. Texnologiya sahəsinə gəldikdə isə, son illərdə bu istiqamətdə inkişafın daha sürətli xarakter aldığı açıq şəkildə müşahidə olunur. Rəqəmsallaşma, süni intellekt və yarımkeçirici texnologiyalar ölkələr arasında rəqabəti daha da gücləndirib. Hazırda texnologiya sahəsində ən ciddi rəqabət Çin və Amerika Birləşmiş Ştatları arasında müşahidə olunur. Hər iki ölkə texnoloji üstünlük əldə etmək və qlobal bazarda lider mövqeyini qorumaq üçün ciddi mübarizə aparır. Bu isə göstərir ki, texnologiya artıq strateji güc amillərindən birinə çevrilib”.
O deyib ki, texnologiyanın sürətli inkişafı müəyyən ölkələri həmin sənayeyə sahib olan dövlətlərdən asılı vəziyyətə sala bilər:
“Prosesin hazırkı gedişatı da bunu müəyyən qədər göstərir. Lakin bütövlükdə dünya iqtisadiyyatının gələcək arxitekturası yalnız bir sahədən asılı olmayacaq. Enerji daşıyıcıları, strateji xammallar və digər mühüm resurslar da qlobal iqtisadi sistemdə öz əhəmiyyətini qoruyacaq. Bu baxımdan hesab etmək olar ki, texnologiyanın inkişafı ölkələr arasında yeni asılılıqlar yaratsa da, bu, dünyanın tam şəkildə yalnız texnologiya üzərində qurulan iqtisadi modelə keçməsi anlamına gəlmir”.


