Son illər küçədən it və pişik sahiblənən insanların sayı artır. Bu, heyvanların həyatını xilas edən gözəl addım olsa da, onların sağlamlığına diqqət yetirmək vacibdir. Küçədə yaşayan heyvanlar müxtəlif xəstəliklər və parazitlər daşıya bilər.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən infeksionist Aytən Ziyadova bildirib ki, küçədən sahiblənilən it və pişiklərə yanaşma yalnız emosional deyil, həm də tibbi baxımdan düzgün planlaşdırılmalıdır:
"Sahibsiz heyvanlar ətraf mühitdə müxtəlif infeksion agentlərlə təmasda ola bilər və bəzi xəstəliklər zoonoz xüsusiyyət daşıyaraq heyvandan insana ötürülə bilər. Belə heyvanlar ilk növbədə baytar həkim tərəfindən klinik müayinədən keçirilməlidir. Müayinə zamanı heyvanın ümumi vəziyyəti, qidalanma statusu, dəri və selikli qişaların vəziyyəti, parazitar infeksiyalar və yoluxucu xəstəliklər baxımından riskləri qiymətləndirilməlidir.
Xüsusi diqqət daxili və xarici parazitlərə yönəldilməlidir. Küçə heyvanlarında helmintozlar, birə və gənə infeksiyaları geniş yayıla bilər. Bəzi parazitlər insanlarda da xəstəlik yarada bilər. Buna görə dehelmintizasiya və ektoparazitlərə qarşı profilaktik tədbirlər vacibdir.
Digər mühüm məsələ peyvənd statusunun müəyyən edilməsidir. Peyvənd tarixçəsi məlum olmayan heyvanlarda peyvənd proqramı yenidən planlaşdırılmalıdır. Xüsusilə quduzluq kimi ölümcül nəticələr verə bilən xəstəliklərə qarşı immunizasiya həyati əhəmiyyət daşıyır”.
“Pişiklərdə və itlərdə bəzi virus infeksiyalarının da nəzərə alınması vacibdir. Məsələn, pişiklərdə FeLV və FIV, itlərdə isə parvovirus və digər yoluxucu xəstəliklər heyvanın sağlamlığı üçün risk yarada bilər. Ailədə azyaşlı uşaqlar, yaşlı şəxslər və immun sistemi zəif olan insanlar varsa, gigiyenik qaydalara daha ciddi əməl edilməlidir. Heyvanla təmasdan sonra əllərin yuyulması, uşaqların nəzarətsiz təmasına yol verilməməsi və heyvanın sağlamlıq vəziyyəti tam qiymətləndirilənə qədər ehtiyatlı davranılması tövsiyə olunur.
Nəticə olaraq, küçə heyvanını sahiblənmək riskli bir addım deyil, lakin bu proses elmi yanaşma və profilaktik tədbirlər tələb edir.
Düzgün baytar nəzarəti ilə həm heyvanın sağlamlığını qorumaq, həm də insan sağlamlığı üçün mümkün yoluxucu riskləri minimuma endirmək mümkündür", - Aytən Ziyadova fikrini tamamlayıb.


