Hazırda sosial şəbəkələrdə yeni tətbiq sürətlə yayılıb. İstifadəçilər öz adlarının mənşəyini və ya mənasını əks etdirən şəkilləri paylaşaraq bu trendə qoşulurlar. Belə tətbiqlər qısa müddətdə geniş maraq doğursa da, bu cür platformalar bəzən istifadəçilərin şəxsi məlumatlarının toplanması və emalı üçün də istifadə oluna bilər.
Bu cür viral tətbiqlər istifadəçilər üçün hansı kibertəhlükəsizlik risklərini yaradır?
Demokrat.az-a bu barədə açıqlama verən İT mütəxəssis Elvin Abbasov sosial şəbəkələrdə sürətlə trendə çevrilən “adının mənası”, “süni intellektlə profil şəklinin yenilənməsi” və ya “gələcək versiyan” tipli viral tətbiqlər istifadəçilər üçün vizual baxımdan olduqca əyləncəli və cəlbedici görünsə də, arxa planda ciddi kibertəhlükəsizliyin və fərdi məlumatların gizli şəkildə toplanması risklərini ehtiva etdiyini deyib.
Mütəxəssisin sözlərinə görə, bu proses rəsmi platformaların daxili alətləri vasitəsilə həyata keçirildikdə cihazlara birbaşa zərərli kod və ya virus yoluxma təhlükəsi yaratmasa da, əsas kibergigiyena problemi istifadəçilərin rəqəmsal izlərinin və davranış modellərinin kütləvi şəkildə toplanaraq emal edilməsidir:
“Böyük texnologiya şirkətləri bu cür viral kampaniyalardan həm platformadakı istifadəçi aktivliyini pik həddə çatdırmaq, həm də öz böyük verilənlər bazalarını (Big Data) və süni intellekt alqoritmlərini real istifadəçi məlumatları üzərində sınaqdan keçirərək təkmilləşdirmək üçün effektiv vasitə kimi istifadə edirlər. Bu növ tətbiqlərin yaratdığı digər mühüm risk isə istifadəçinin şəxsi üstünlükləri, dil seçimləri və ad vizuallaşdırma meylləri əsasında yüksək dəqiqliklə hədəflənmiş reklam profillərinin (Targeted Advertising) formalaşdırılmasıdır”.
Elvin Abbasov qeyd edib ki, sistem fərdin emosional reaksiyalarını və rəqəmsal davranışlarını analiz edərək onun rəqəmsal portretini daha da genişləndirir:
“Bu isə gələcəkdə istifadəçiyə qarşı daha dəqiq psixoloji və kommersiya manipulyasiyalarının aparılması üçün zəmin yaradır. Ən böyük kibertəhlükəsizlik təhdidi isə rəsmi platformalardakı bu populyarlıqdan sui-istifadə edən üçüncü tərəf proqramçıların eyni adlı saxta tətbiqlər və fişinq keçidləri yaratması ilə ortaya çıxır. Gənclər rəsmi trendlə saxta tətbiqləri ayırd edə bilməyib kənar keçidlərə icazə verdikdə, onların sosial şəbəkə hesablarının tokenləri, şəxsi mesajları, biometrik məlumatları və hətta dost siyahıları birbaşa kiberdələduzların əlinə keçə bilər”.


