Sağlamlıq Özəl

Psixoloq anaya aqressiyanın səbəbini açıqladı

Psixoloq anaya aqressiyanın səbəbini açıqladı

Valideynlər arasında tez-tez rast gəlinən hallardan biri də uşağın hər kəsə qarşı sakit davranmasına baxmayaraq, evə gəldikdən sonra anasına qarşı aqressiv münasibət göstərməsidir.

Psixoloq Aygül Məlikova mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, bu davranış hər zaman uşağın anasını sevmədiyi və ya ona hörmətsizlik etdiyi anlamına gəlmir.

Psixoloq anaya aqressiyanın səbəbini açıqladı

Onun sözlərinə görə, əksər hallarda uşaq özünü ən təhlükəsiz hiss etdiyi insana qarşı emosiyalarını daha rahat ifadə edir:

"Ana adətən uşağın əsas bağlanma fiquru olur və uşaq şüuraltı olaraq bilir ki, mən hirslənsəm də, ağlasam da, qışqırsam da, anam məni tərk etməyəcək. Uşaq gün ərzində bağçada, məktəbdə və ya digər mühitlərdə emosiyalarını nəzarətdə saxlamağa çalışdığı üçün müəyyən gərginlik yaşayır və evə qayıtdıqda bu gərginlik ən çox güvəndiyi insana yönələ bilir. Psixologiyada buna bəzən emosional boşalma deyilir. Xüsusilə məktəbəqədər yaş dövründə uşaqlar "Mən hirslənmişəm", "İncimişəm" və ya "Yorulmuşam" demək əvəzinə, hisslərini davranışları ilə ifadə edirlər. Aqressiya da çox zaman bunun bir formasıdır."

Psixoloq qeyd edib ki, aqressiv davranış uzun müddət davam edirsə, çox intensiv xarakter daşıyırsa, uşaq özünə və ya başqalarına zərər verirsə, yaxud gündəlik həyatına ciddi təsir göstərirsə, bu halda səbəblər mütləq araşdırılmalıdır.

"Belə halların arxasında emosional çətinliklər, ailədaxili gərginlik, həddindən artıq yorğunluq, inkişaf xüsusiyyətləri və digər psixoloji amillər dayana bilər.

Valideynlər uşağın aqressiyasına aqressiya ilə cavab verməməli, eyni zamanda bu davranışı normallaşdırmamalıdırlar. Əsas məqsəd davranışın özünü deyil, onun arxasında duran ehtiyacı və hissi anlamaqdır. Uşağın hisslərini qəbul etmək olar, lakin vurmağa, təhqir etməyə və əşya sındırmağa icazə verilməməlidir."

"Uşağın anasına qarşı aqressiv davranması əksər hallarda ona olan güvənin göstəricisidir. Bununla belə, bu davranış davamlı və şiddətli xarakter alarsa, mütləq mütəxəssis tərəfindən qiymətləndirilməlidir", – deyə Aygül Məlikova fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az