Beynəlxalq alimlər qrupu müəyyən edib ki, 55 yaşdan sonra alkoqol qəbulu qadınlarda ən çox rast gəlinən onkoloji xəstəliklərdən biri olan süd vəzi xərçəngi və ən çox diaqnoz qoyulan ürək ritm pozğunluğu olan qulaqcıqların fibrillyasiyası riskini əhəmiyyətli dərəcədə artırır.
Demokrat.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of the American Heart Association" ("JAHA") jurnalında dərc olunub.
Tədqiqatçılar dünyanın 204 ölkə və regionundan 55 yaşdan yuxarı qadınlara dair məlumatları təhlil ediblər. Onlar süd vəzi xərçəngi və qulaqcıqların fibrillyasiyasının yayılma göstəricilərini müqayisə edib, həmçinin həyat tərzi və sağlamlıq vəziyyəti ilə bağlı 58 risk faktorunun təsirini qiymətləndiriblər.
Təhlil göstərib ki, siqaret çəkmək və alkoqol qəbul etmək birlikdə hər iki xəstəliyin daha yüksək rastgəlmə tezliyi ilə əlaqəlidir. Müəlliflərin hesablamalarına görə, siqaretdən imtina və alkoqol qəbulunun məhdudlaşdırılması süd vəzi xərçənginin qlobal inkişaf riskini təxminən 15 faiz, qulaqcıqların fibrillyasiyası riskini isə təxminən 12 faiz azalda bilər.
Araşdırmaya əsasən, alkoqol ən mühüm risk amillərindən biri hesab olunur. Alimlərin qiymətləndirməsinə görə, süd vəzi xərçəngi hallarının təxminən 9 faizi, qulaqcıqların fibrillyasiyası hallarının isə 7 faizdən çoxu alkoqol qəbulu ilə əlaqəli ola bilər.
Tədqiqat müəlliflərinin sözlərinə görə, etanol hormonların mübadiləsində mühüm rol oynayan qaraciyərin fəaliyyətini pozur ki, bu da qanda estrogen hormonunun səviyyəsinin artmasına səbəb ola bilər. Estrogenlər isə süd vəzi hüceyrələrinin çoxalmasını stimullaşdıraraq şişlərin yaranma riskini artırır. Bundan əlavə, alkoqol orqanizmdə ürək ritminin sabitliyi üçün vacib olan maqnezium və kaliumun itirilməsinə də səbəb olur.
Araşdırma həmçinin göstərib ki, hər iki xəstəliyin ən yüksək yayılma göstəriciləri ABŞ, Kanada, Avstraliya və Avropa ölkələrinin əksəriyyəti daxil olmaqla yüksək gəlirli ölkələrdə qeydə alınır. Müəlliflər bunu azhərəkətli həyat tərzi, yüksək bədən kütlə indeksi, qidalanmada yağ və karbohidratların çoxluğu kimi amillərlə əlaqələndirirlər.
Alimlər vurğulayırlar ki, aşkar edilmiş əlaqə qulaqcıqların fibrillyasiyasının süd vəzi xərçənginə və ya əksinə səbəb olduğunu göstərmir. Söhbət hər iki xəstəliyin dəyişdirilə bilən ortaq risk amillərinə malik olmasından gedir. Müəlliflərin fikrincə, əldə olunan nəticələr həm ürək-damar, həm də onkoloji xəstəliklərin qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlərin hazırlanmasına kömək edə bilər.
Jalə Demokrat.az


