“Rəsmi görüşlərdə yaxud beynəlxalq tədbirlərdə ev sahibliyi edən tərəf müəyyən hədiyyələr təqdim edə bilər.Bu, tarixən mövcud olan qaydalardır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
“NATO zirvə toplantısında da Türkiyə Prezidenti NATO rəhbərləri olan qonaqlara, dövlət və hökumət başçılarına hədiyyə təqdim etdi. Bir çox liderlər, o cümlədən Keir Starmer bunu qanunlara əsaslandıraraq hədiyyəni qəbul etməyib. Hədiyyəni Ankarada saxladılar. Bu tapançanın təqdim olunması ilk növbədə Türkiyə tərəfinin öz qonaqlarına verdiyi dəyər və onların önəmi ilə bağlıdır. Bu, hörmət əlaməti sayılır. Digər tərəfdən, silahın hədiyyə edilməsi məhz NATO toplantısı olduğundan əsas götürülür və NATO ölkə rəhbərlərinə istinad olunur. Bu, gələcəkdə bu blokun fəaliyyətinin möhkəm təməllər üzərində davam etməsinin göstəricisi kimi sayıla bilər”.
“Burada həm qonaqpərvərlik var, həm də NATO tədbirində verilən bir hədiyyə kimi dəyərləndirilməlidir”, – deyə fikrini tamamlayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı NATO sammitində Avropa liderlərinə üzərində adları yazılmış fərdi tapançalar və döyüş patronları bağışlayıb. "Politico" nəşrinin Avropa İttifaqındakı mənbələrə istinadən yaydığı məlumata görə, bu şəxslər arasında Ursula fon der Lyayen, Antonio Koşta, Kir Starmer və Rob Cetten var. Liderlər təhlükəsizlik və hüquqi prosedurlara görə silahları fərqli şəkildə qəbul ediblər. Böyük Britaniya və Niderland rəhbərləri tapançaları döyüş vəziyyətindən çıxarmaq üçün hələlik Türkiyədə saxlayıblar.


