Son illər azərbaycanlılarla əcnəbilər arasında bağlanan nikahların sayının artması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olur. Bu cür evliliklər hüquqi baxımdan heç bir məhdudiyyətə məruz qalmasa da, onların milli-mənəvi dəyərlər və demoqrafik baxımdan mümkün təsirləri də nəzərdən keçirilməlidir.
Bu barədə sosioloq Mail Yaqub Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyi əcnəbi vətəndaşlarla nikah bağlanmasına hər hansı qadağa qoymur və ailə qurmaq insanların fərdi seçim hüququdur.
Onun sözlərinə görə, qanunla icazə verilən bəzi məsələlər milli-mənəvi dəyərlər baxımından birmənalı qarşılanmaya bilər.
“Əgər Azərbaycanda həm kişilər, həm də qadınlar kütləvi şəkildə əcnəbilərlə ailə qursalar, bunun cəmiyyət və ölkə üçün müəyyən nəticələri ola bilər. Bu baxımdan belə tendensiyanın geniş yayılması müsbət hesab edilə bilməz. Qanunun icazə verdiyi hər bir məsələ milli mədəniyyət və etik dəyərlər baxımından da eyni şəkildə qəbul olunmur. Əcnəbilərlə nikahların artmasının əsas səbəblərindən biri beynəlxalq əlaqələrin genişlənməsidir”.
O qeyd edib ki, əvvəllər xarici ölkələrlə ünsiyyət imkanları məhdud olduğundan belə hallar daha az müşahidə edilirdi:
“Hazırda isə gənclər xaricdə təhsil alarkən və ya işləyərkən başqa ölkələrin vətəndaşları ilə tanış olur, eyni zamanda sosial şəbəkələr vasitəsilə ünsiyyət quraraq ailə həyatı qururlar. Əlaqələrin artması bu cür nikahların sayına da təsir göstərir. Bununla belə, ümumi tendensiya kimi bu prosesin genişlənməsini ölkəmiz üçün arzuolunan hesab etmirəm”.


