Hörmüz boğazında gərginlik daha da artıb. İranın iki ticarət gəmisinə raket zərbəsi endirdiyi bildirilir.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən "Axios" portalı məlumat yayıb.
Məlumata görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən iki ticarət gəmisinə iki raket atıb. Hücum nəticəsində gəmilərə ziyan dəysə də, ekipaj üzvləri arasında ölən və ya yaralanan olmayıb.
Bildirilir ki, hadisədən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilər bölgəyə cəlb olunub. Onlar zərər çəkmiş gəmilərə yaxınlaşaraq ekipajların təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görüblər.
İlkin məlumata əsasən, raketlərdən biri Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerə dəyib. Zərbə nəticəsində gəmidə yanğın baş versə də, ekipaj üzvləri vaxtında təxliyə olunub və insan itkisi qeydə alınmayıb.
Hadisə beynəlxalq gəmiçiliyin əsas marşrutlarından biri hesab olunan Hörmüz boğazında təhlükəsizliklə bağlı narahatlığı yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, bölgədə gərginliyin artması qlobal enerji bazarına və neft tədarükünə təsir göstərə bilər.
İran rəsmiləri hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Jalə Demokrat.az


