Vitamin IV, mitoxondrial gücləndirici əlavələr, "qocalma əleyhinə" pəhriz əlavələri, peptid inyeksiyaları və ağıllı cihazların istifadəsi ömrün uzadılmasına zəmanət vermir.
Demokrat.az xəbər verir ki, bu barədə profilaktik tibb həkimləri Hyu Koyn, Məhəmməd Enayat və Mika Engel bunu Marie Klayr iolə müsahibədə bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, ən mübahisəli vasitələrdən biri NAD+ səviyyəsini artırmaq üçün istifadə olunan əlavələrdir. Bunlara nikotinamid ribozid (NR) və nikotinamid mononukleotid (NMN) daxildir. Bu maddələr tez-tez qocalmanı ləngitmək, mitoxondrilərin fəaliyyətini yaxşılaşdırmaq və enerji səviyyəsini artırmaq vasitəsi kimi reklam olunur. Lakin indiyədək aparılmış klinik tədqiqatlar onların insanlarda ömrü uzatdığını və ya yaşlanma prosesini əhəmiyyətli dərəcədə ləngitdiyini təsdiqləməyib.
Həkimlər həmçinin çoxsaylı "yaşlanma əleyhinə" BAQ-lara da ehtiyatla yanaşmağı tövsiyə ediblər. Belə məhsulların tərkibində adətən resveratrol, spermidin, kversetin və yüksək dozada kollagen olur. Laboratoriya tədqiqatlarında müəyyən ümidverici nəticələr əldə olunsa da, onların insan ömrünü uzatmaq baxımından effektivliyini təsdiqləyən inandırıcı elmi sübutlar hələ yoxdur.
Mütəxəssislər ayrıca "detoks", enerjinin bərpası və cavanlaşma vasitəsi kimi təqdim edilən venadaxili vitamin damcılarından da bəhs ediblər. Onların sözlərinə görə, orqanizmdə vitamin çatışmazlığı olmadığı hallarda bu prosedurun faydası sübuta yetirilməyib. Bundan əlavə, belə müdaxilələr infeksiya və digər ağırlaşmalar riski daşıyır.
Həkimlər biohakerlər arasında populyar olan bəzi peptid inyeksiyalarını da mübahisəli üsullar sırasına daxil ediblər. Bunlara toxumaların sağalmasını sürətləndirdiyi iddia edilən "BPC-157", böyümə hormonunun ifrazını stimullaşdıran "CJC-1295" və "İpamorelin", həmçinin qocalmanı ləngitdiyi iddia olunan "Epitalon" daxildir.
Bundan başqa, mütəxəssislər sağlamlığın monitorinqi üçün nəzərdə tutulmuş qadcetlərdən həddindən artıq istifadənin də mənfi tərəflərinə diqqət çəkiblər. Ağıllı saatlar, üzüklər, fitnes bilərzikləri, sağlam insanlarda fasiləsiz qlükoza monitorları və digər cihazlar orqanizmin göstəricilərini izləməyə kömək etsə də, özlüyündə sağlamlığı yaxşılaşdırmır və bəzi hallarda həddindən artıq narahatlıq və obsesiv nəzarət hissi yarada bilər.
"Ən böyük səhv uzunömürlülüyün internetdən satın alına biləcəyini düşünməkdir", deyə Hyu Koyn bildirib.
Həkimlərin fikrincə, heç bir qida əlavəsi və ya bahalı prosedur yuxu çatışmazlığını, oturaq həyat tərzini, qeyri-sağlam qidalanmanı və siqaret çəkməyi kompensasiya edə bilməz.
Jalə Demokrat.az


