Ana südü və doğuş üsulunun körpənin qidalanmasına təsiri ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər mövcuddur. Xüsusilə qeysəriyyə əməliyyatının südün gəlməsinə mane olub-olmaması tez-tez müzakirə olunur. Bəs doğuş üsulu həqiqətən ana südünün keyfiyyətinə və miqdarına təsir edirmi?
Mövzu ilə bağlı tanınmış həkim Rəşad Sultan Demokrat.az-a bildirib ki, qeysəriyyə əməliyyatının ana südünün yaranmasına mənfi təsir göstərməsi barədə deyilənlər doğru deyil.

"Əsas çətinliklər daha çox ananın əməliyyatdan sonra ağrı və zəiflik səbəbindən körpəyə tam vaxt ayıra bilməməsi ilə bağlı ola bilər. Həkimlər vurğulayır ki, normal doğuşun üstünlüklərindən biri də ananın daha tez aktivləşməsi və körpə ilə daha sıx təmas qura bilməsidir. Südün azalması və ya gec gəlməsi ilə bağlı yayılan fikirlər elmi əsaslara söykənmir. Ana südünün artmasında əsas rol maye qəbulu və körpənin əmizdirilməsinin erkən başlamasıdır. Körpə doğulduqdan dərhal sonra əmizdirmə başladıqda, orqanizm refleks olaraq süd istehsalını artırır".
Həkim deyib ki, bəzi hallarda səbəbsiz yerə süni qidaya keçid edilməsi körpənin toxluğa alışmasına və ana südündən uzaqlaşmasına gətirib çıxara bilir:
"İlk günlərdə körpənin həzm sisteminin tam formalaşmadığı və ana südünün xüsusi tərkibə malik olduğu qeyd edilir. Bu mərhələdə süni qidaya tez keçidin doğru olmadığı vurğulanır. Həkimlərin fikrincə, süni qida istifadəsi bəzi hallarda düzgün tövsiyə edilmədikdə ana südü prosesinə mənfi təsir göstərə bilər və bu səbəbdən valideynlərin seçim zamanı daha diqqətli olmaları tövsiyə edilir", - deyə o qeyd edib.


