Texnologiyanın sürətli inkişafı və rəqəmsal platformaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi insanların informasiya qəbul etmə tərzini də dəyişib. Xüsusilə gənclər arasında qısa videolar, sosial şəbəkələr və digər vizual kontentlər daha çox diqqət çəkir. Bu isə kitab oxuma vərdişlərinin zəifləməsi ilə bağlı müzakirələri artırır. Bəs müasir gənclərin kitaba marağının azalmasının əsas səbəbi rəqəmsal məzmunların təsiridir, yoxsa oxuma mədəniyyətinin dəyişməsində başqa amillər də rol oynayır?Mövzu ilə bağlı əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında bildirib ki, müasir gənclərin kitab oxumamasının çoxlu səbəbləri var və bunlardan biri də, əlbəttə ki, audio-vizual sahənin genişlənməsidir:"Texnologiyalar, rəqəmsal platformalar və müxtəlif informasiya mənbələri gənclərin diqqətini yayındıran, onları özünə cəlb edən əsas amillərdəndir. Buna görə də kitaba maraq müəyyən qədər azalır. Amma bununla yanaşı, son dövrlərdə ölkəmizdə kitabların təbliği sahəsində ciddi dönüş var. Kitab sərgilərinin, yarmarkalarının təşkili, xüsusilə də müxtəlif rayonlarda keçirilməsi kitaba marağı artırır. Mən bu məsələdə ümidsiz deyiləm. Kitab həm kağız formatında, həm elektron versiyada, həm də audio formada oxunmalıdır. Ən vacib məqamlardan biri isə orta məktəblərdə mütaliənin, bədii qiraətin, kitab oxumağın üstünlüklərinin gənclərə aşılanmasıdır.Ümumilikdə isə cəmiyyətdə yaranan mənzərə ondan ibarətdir ki, gənclərin bir qismi informasiyanı kifayət qədər etibarlı olmayan sosial şəbəkələrdən əldə edir, kitaba ehtiyac duymur. Bu isə onların dünyagörüşünə və bilik səviyyəsinə ciddi təsir göstərir" , - deyə o qeyd edib.Əfsanə Kamal demokrat.az
Son dövrlərdə qadınların qeysəriyyə əməliyyatı zamanı eyni anda digər prosedurları da etdirməyə marağı artıb. Bəzi hallarda bu, bir əməliyyatla bir neçə problemin həlli kimi qiymətləndirilsə də, tibbi baxımdan yanaşmalar birmənalı deyil. Həkimlər arasında bu məsələnin düzgün olub-olmaması ilə bağlı fərqli fikirlər mövcuddur. Bəs qeysəriyyə zamanı əlavə müdaxilələr nə dərəcədə təhlükəsizdir və bu qərar hansı meyarlar əsasında verilməlidir?Mövzu ilə bağlı tanınmış həkim Rəşad Sultan Demokrat.az-a bildirib ki, insanlar düşünür ki, elə əməliyyat olmuşkən, iki əməliyyatı bir yerdə etdirsinlər:"Biz həkimlər sadəcə istəklərə və öz beynimizdə qurduğumuz mülahizələrə əsaslana bilmərik. Hər işin öz qayda-qanunu olduğu kimi, tibb elminin də insanlara faydalı olmağa xidmət edən və illərlə aparılan elmi araşdırmalara əsaslanan qayda-qanunları var. Altından xətt çəkərək deyirəm ki, tibb elminin insanlara faydalı olan və faydalılığı elmi şəkildə əsaslandırılmış qayda-qanunları var.Bu məsələdə “mən düşünürəm ki, belə olmalıdır” kimi fikirlər keçərli deyil.Necə ki, maşın sürərkən yol hərəkəti qaydalarına əsaslanmalıyıq, eynilə tibbdə də tibb elminin qaydalarına əsaslanmaq lazımdır. Xəstə çox şey istəyə bilər".Həkim deyib ki, aparılan araşdırmalar onu göstərir ki, sırf abdominoplastikanın (qarın gərmə əməliyyatının) qeysəriyyə ilə birlikdə edilməsi tövsiyə olunmur:"Birincisi, qarın hamiləlik zamanı böyüyür, ancaq 6 ay sonra həmin qarın onsuz da kiçiləcək. İkincisi, hər əməliyyat kimi, abdominoplastikanın da ağırlaşmaları var və statistika göstərir ki, qeysəriyyə əsnasında edilən abdominoplastikalarda ağırlaşmalar daha çox olur. Ona görə də alimlər və dünya tibb ictimaiyyəti tövsiyə edir ki, həm qərar vermək, həm də əməliyyatı icra etmək üçün qeysəriyyə əməliyyatından sonra ən azı 6 ay gözlənilsin. Qeysəriyyə əməliyyatı əsnasında abdominoplastika edilməsi məsləhət görülmür, düzgün hesab edilmir. Başqa əməliyyatlara isə ümumiyyətlə yer verilməməlidir", - deyə o qeyd edib.Əfsanə Kamal demokrat.az
Sosial şəbəkələr insanların ünsiyyətini asanlaşdırsa da, son illərdə onlayn aqressiya və kiberbullinq halları nəzərəçarpacaq dərəcədə artıb. Bu hallar xüsusilə uşaqlar, yeniyetmələr və gənclər üçün ciddi psixoloji risklər yaradır. Problemin yaranmasına həm fərdi davranışlar, həm də rəqəmsal mühitin xüsusiyyətləri təsir göstərir. Bəs onlayn aqressiya və kiberbullinqin qarşısını almaq üçün istifadəçilər, platformalar və dövlət qurumları hansı tədbirləri görməlidir?Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Abbasov Demokrat.az-a bildirib ki, onlayn məkanda aqressiyanın və kiberbullinqin sürətlə artmasının kökündə ilk növbədə rəqəmsal mühitin rəftara təsir edən spesifik xüsusiyyətləri dayanır:"İnternet platformalarının təmin etdiyi anonimlik hissi və saxta profillərin asanlıqla yaradılması fərdlərdə cəzasızlıq və məsuliyyətsizlik duyğusunu tətikləyir. İnsanlar real həyatda bir-birinin üzünə deyə bilməyəcəkləri təhqir və tənqidləri, qarşı tərəfin emosional reaksiyasını, göz yaşını və ya üzüntüsünü fiziki olaraq görmədikləri üçün rəqəmsal dünyada daha amansızcasına ifadə edirlər. Bununla yanaşı, sosial media platformalarının istifadəçi aktivliyini və baxış sayını artırmaq üçün dizayn etdiyi alqoritmlər neqativ emosiyaları, dramı və qütbləşmə yaradan aqressiv məzmunları daha çox önə çıxarır ki, bu da cəmiyyətdə onlayn zorakılığın normal bir hala çevrilməsinə (normallaşmasına) və kütləviləşməsinə zəmin hazırlayır".O deyib ki, kiberbullinqlə effektiv mübarizə aparmaq üçün həm istifadəçilər, həm platformalar, həm də dövlət qurumları üçtərəfli və koordinasiyalı addımlar atmalıdırlar:"Fərdi müstəvidə istifadəçilər kibergigiyena və rəqəmsal etika qaydalarına riayət etməli, bu növ hücumlarla qarşılaşdıqda aqressiyanı cavabsız qoyaraq həmin profilləri dərhal bloklamalı və sübut kimi ekran görüntülərini (screenshot) qeydə almalıdırlar. Qlobal platformalar isə təkcə şikayət düymələri ilə kifayətlənməməli, süni intellekt əsaslı proqram təminatları vasitəsilə nifrət nitqini və bullinq xarakterli şərhləri real vaxt rejimində, hələ kütləyə yayılmadan avtomatik təsbit edib silən moderator sistemlərini gücləndirməlidirlər. Dövlət qurumları isə öz növbəsində qanunvericilik bazasını müasir rəqəmsal təhdidlərə uyğunlaşdırmalı, onlayn təhqir və təqib hallarının hüquqi məsuliyyətini və cəza mexanizmlərini dəqiqləşdirməli, eyni zamanda Milli Məlumat Hövzəsi və rəqəmsal savadlılıq strategiyaları çərçivəsində məktəblərdə uşaqlar və valideynlər üçün kiber-təhlükəsizlik və rəqəmsal davranış təlimlərini genişləndirməlidirlər" ,- deyə mütəxəssis qeyd edib.Əfsanə Kamal demokrat.az
Qısa müddətdə yüksək qazanc, 100 faiz keşbek və sadəcə reklam izləməklə gəlir əldə etmək vədləri ilə minlərlə insanın diqqətini çəkən “Any Unboxing” şirkətinin fəaliyyətini dayandırması yüzlərlə vətəndaşı zərərçəkənə çevirib. İnsanların minlərlə manat vəsait itirməsi bu cür platformaların etibarlılığı ilə bağlı ciddi suallar yaradıb. Bəs bu tip sistemlərlə işləyən şirkətlərə qoşulmazdan əvvəl hansı məqamlara diqqət yetirmək lazımdır?Mövzu ilə bağlı İT mütəxəssisi Natiq Məmişov Demokrat.az-a bildirib ki, ilk növbədə diqqət edilməli məsələ gəlirin haradan formalaşmasıdır:"Şirkət real məhsul və ya xidmət satırmı, yoxsa əsas gəlir yeni üzvlərin gətirdiyi pullardanmı əldə olunur? Çünki hazırda mövcud olan bir çox piramida sistemlərində əsas qazanc real fəaliyyətdən deyil, yeni iştirakçıların yatırdığı vəsaitdən formalaşır. Bu isə real biznes modeli hesab edilmir.Digər vacib məsələ pulun çıxarılmasıdır. Kiçik məbləğləri, məsələn, 5-10 manatı çıxarmağa icazə verirlərsə, böyük məbləğləri də problemsiz çıxarmaq mümkündürmü? Çıxarış zamanı hansı çətinliklərin yarana biləcəyi əvvəlcədən araşdırılmalıdır. Çünki bank sistemində hesabınızdakı vəsaiti çıxarmaq üçün aydın qaydalar mövcuddur. Belə platformalarda isə eyni şəffaflığın olub-olmadığı sual doğurur".Ekspert deyib ki, bu cür sistemlərdə digər əsas məqam insanların yüksək qazanc istəyindən istifadə edilməsidir:"Adətən hər ay 20 faiz gəlir, risksiz qazanc, pulun qısa müddətdə ikiqat və ya daha çox artacağı kimi vədlər verilir. Amma qanuni investisiya sistemlərində belə gəlirə zəmanət verilmir. Risk olmadan yüksək qazanc vədi real görünmür.Digər diqqət edilməli məqam yeni üzvlərin cəlb edilməsidir. Əgər sistemdə “üç nəfər gətir, komanda qur” kimi tələblər varsa və qazanc əsasən yeni insanların qoşulmasından asılıdırsa, bu, piramida modelinin əlaməti ola bilər.Şirkətin şəffaflığı da mütləq yoxlanılmalıdır. Rəsmi qeydiyyatı varmı, rəhbərliyi məlumdursa, fiziki ofisi varmı, maliyyə fəaliyyəti ilə bağlı məlumatlar açıqdırmı? Şirkətin real ünvanının, məsul şəxslərinin və fəaliyyət mexanizminin aydın olması vacibdir. Lisenziya məsələsi də önəmlidir. Əgər şirkət maliyyə fəaliyyəti göstərirsə, müvafiq qurumlar tərəfindən icazəsinin və ya lisenziyasının olub-olmadığı araşdırılmalıdır. Sadəcə “beynəlxalq şirkətik” və ya “xaricdə qeydiyyatdan keçmişik” demək etibarlılıq göstəricisi deyil.Marketinq üsuluna da diqqət etmək lazımdır. Əgər təqdimatın əsas hissəsi bahalı avtomobillər, lüks həyat tərzi və “mən qazandım, sən də qazan” kimi emosional çağırışlardan ibarətdirsə, bu, biznes modelinin izahı deyil. Real şirkət öz fəaliyyətini məhsul, xidmət və gəlir mənbəyi üzərindən təqdim etməlidir.Əsas sual budur ki, şirkət əslində necə pul qazanır? Əgər uzun təqdimatdan sonra belə bu sualın cavabı aydın deyilsə, həmin layihəyə ehtiyatla yanaşmaq lazımdır.Ümumilikdə, hər hansı sistemə qoşulmazdan əvvəl bir neçə əsas məqama baxmaq lazımdır. Real məhsul və ya xidmət varmı, gəlir haradan gəlir, şirkətin hüquqi statusu və lisenziyası varmı, rəhbərlik və fəaliyyət ünvanı şəffafdırmı? Əgər qazanc yalnız yeni insanların gətirilməsi ilə mümkündürsə və yüksək gəlir zəmanəti verilirsə, bu, ciddi risk göstəricisidir", - deyə o qeyd edib.Əfsanə Kamal demokrat.az
Böyük şəhərlərdə tıxaclar artıq sadəcə nəqliyyat problemi deyil, həm də iqtisadi itkilərin əsas səbəblərindən birinə çevrilib. Saatlarla yolda itirilən vaxt, artan yanacaq sərfiyyatı və iş məhsuldarlığının azalması hər gün milyonlarla manatlıq zərərə səbəb olur. Bəs bu itkilərin real iqtisadi dəyəri necə hesablanmalı və tıxacların yaratdığı zərəri minimuma endirmək üçün hansı addımlar atılmalıdır?Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a bildirib ki, böyük şəhərlərdə tıxac problemi dünyanın hər yerində mövcuddur və Bakı da artıq bir neçə ildir ki, bu problemlə sözün əsl mənasında mübarizə aparır:"Tıxacların azaldılması təkcə nəqliyyat vasitələrinin tənzimlənməsi ilə həll olunmur. Bir çox ölkələrin təcrübəsinə baxdıqda görürük ki, tıxacların qarşısının alınması üçün kompleks tədbirlərə ehtiyac var. Bizdə bütün iqtisadi imkanların Bakıda cəmləşməsi bu problemə daha ciddi təsir göstərir. İnsanlar hələ də iş və digər iqtisadi imkanlar üçün regionlardan Bakıya üz tuturlar. Birincisi, regionların inkişafı ilə bağlı tədbirlər görülməlidir ki, bu axının qarşısı alınsın. Bundan sonra tıxacların azalması, yanacağa qənaət olunması və digər məsələlərin həlli daha mümkün olacaq. İkincisi, ictimai nəqliyyat o qədər rahat və sərfəli olmalıdır ki, hətta şəxsi avtomobili olanlar belə ondan istifadə etməyə üstünlük versinlər. Bizdə ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı hələ də ciddi problemlər və nöqsanlar var, təəssüf ki, tam qaneedici mənzərə görmürük. Həllini gözləyən çox məsələlər var və həm ictimai nəqliyyatın inkişafı, həm də Bakı şəhərinin yükünün azaldılması tıxacların aradan qaldırılmasına kömək edə biləcək əsas vasitələrdəndir",- deyə o qeyd edib.Əfsanə Kamal demokrat.az
Elektronika mağazalarında əlavə zəmanət paketlərinin satışı son illərdə ən çox müzakirə olunan istehlakçı problemlərindən birinə çevrilib. Bir çox alıcı iddia edir ki, bu xidmət onlara seçim kimi deyil, məcburi şəkildə təklif olunur. Bəs əlavə zəmanətin məcburi satılması qanunidirmi?Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, bəzi elektronika mağazalarında böyük özbaşınalıq var:"Şikayətlərin mövzusu çox müxtəlifdir, xüsusilə də zəmanətlə bağlı. “Qızıl zəmanət” deyilən anlayışın “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda heç bir hüquqi əsası yoxdur. Buna baxmayaraq, bu ad altında istehlakçılardan əlavə ödəniş alınır. Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlərin təhlili göstərir ki, əksər hallarda satıcılar həmin “qızıl zəmanət”in şərtlərinə əməl etmirlər.Üstəlik, istehsalçının məhsula verdiyi zəmanət müddəti də bəzi satıcılar tərəfindən əsassız şəkildə qısaldılır".Ekspert deyib ki, məsələ lazımi səviyyədə araşdırılmır:"Nəticədə zəmanət müddətində istehlakçı hüquqlarının təmin olunması sahəsində ciddi problemlər yaşanır. Mən dəfələrlə həmin dövlət qurumuna müraciət etmişəm ki, bəzi elektronika mağazalarının rəhbərlərini bir yerə toplasınlar, mənə cəmi üç dəqiqə vaxt versinlər. Otuz il ərzində daxil olan şikayətləri ümumiləşdirib onlarla qısa söhbət etmək istəmişəm, amma buna nail ola bilməmişik. Elektronika məhsulları satan elə mağazalar da var ki, onlardan demək olar, şikayət daxil olmur. Bunu qeyd etsəniz yaxşı olar. Bu reklam deyil, sadəcə insanlar hansı mağazalarla bağlı problem yaşanmadığını bilsinlər. Məsələn, İrşad Telekom və Smartfon mağazalar şəbəkəsi ilə bağlı şikayətlər yox dərəcəsindədir. Bir çox mağaza məhsulu satdıqdan, “qızıl zəmanət” adı ilə əlavə pul aldıqdan sonra isə məsuliyyətdən yayınırlar", - deyə o qeyd edib.Əfsanə Kamal demokrat.az
Gənclərin iş tapması bu gün əsas sosial problemlərdən biridir. Təcrübə çatışmazlığı və əmək bazarının dəyişən tələbləri onların məşğulluğuna təsir edir. Bəs gənclərin iş tapmaqda əsas çətinlikləri nələrdir?Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, gənclər arasında işədüzəlmə məsələsi bu gün bütün dünyada aktual problemlərdən biridir:"Bu baxımdan Azərbaycan da istisna deyil və ölkədə gənclərin iş tapması məsələsi kifayət qədər ciddi və aktual mövzular sırasındadır. Düşünürəm ki, problemin əsas səbəbi yalnız vakansiyaların və irəli sürülən kriteriyaların məhdudluğu ilə bağlı deyil. Faktların təhlili göstərir ki, gənclər daha çox əmək bazarının tələblərinə uyğunlaşmaqda çətinlik yaşayırlar. Burada əsas amillərdən biri bacarıqlar və peşələr arasında yaranan müəyyən uyğunsuzluqdur.Digər tərəfdən, Beynəlxalq Əmək Təşkilatının araşdırmalarına diqqət yetirmək lazımdır. Araşdırmalara görə, gənclərin işsiz qalma ehtimalı böyüklərlə müqayisədə 2-3 dəfə yüksəkdir. İşəgötürənlər adətən praktiki iş təcrübəsinə, rəqəmsal bacarıqlara, xarici dil biliklərinə və çeviklik səviyyəsinə üstünlük verirlər. Bu xüsusiyyətlərin çatışmaması gənclərin əhəmiyyətli hissəsinin iş tapmaq məsələsində ciddi baryerlərlə üzləşməsinə səbəb olur".Ekspert deyib ki, müasir əmək bazarının vəziyyəti əvvəlki dövrlərlə müqayisədə köklü şəkildə dəyişib:"Əgər əvvəllər ali təhsili və diplomu olan şəxslər iş tapmaqda xüsusi çətinlik çəkmirdilərsə, bu gün tələblər fərqlidir. İşəgötürənlər diplomla yanaşı, real bacarıqları, problemləri həll etmə qabiliyyətini, idarəetmə bacarıqlarını, analitik düşüncəni, komanda ilə işləmək və ünsiyyət qurmaq qabiliyyətini, eləcə də informasiya texnologiyalarından istifadə bacarıqlarını xüsusi qiymətləndirirlər.Rəqəmsallaşma və süni intellektin sürətli inkişafı şəraitində əmək bazarında olan peşələrə tələblər də dəyişir. Süni intellekt texnologiyalarının və avtomatlaşdırmanın müəyyən sahələrdə insan əməyini əvəz etməsi əmək bazarına təsir göstərir. Bu dəyişikliklər fonunda gənclərin iş tapmaq imkanları müəyyən qədər çətinləşsə də, yeni texnologiyaları çevik şəkildə mənimsəyən və əmək bazarının tələblərinə uyğunlaşmağı bacaran şəxslər üçün imkanlar genişlənir.Təcrübəsi olmayan gəncin ilk iş yerini necə əldə etməsi sualına cavab olaraq qeyd etmək olar ki, ilk növbədə əmək bazarında hansı istiqamətlərə tələbatın olduğunu və gələcək inkişaf tendensiyalarını nəzərə almaq lazımdır. Təcrübə proqramları, mentorluq mexanizmləri və könüllülük fəaliyyəti bu istiqamətdə mövcud boşluqları aradan qaldıran mühüm amillərdir. Bununla yanaşı, universitetlərdə nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin öyrədilməsinə keçid də vacib addımlardan biridir".O bildirib ki, əksər universitetlərdə karyera mərkəzləri fəaliyyət göstərir:"Əmək bazarı ilə təhsil modelinin əlaqələndirilməsi artıq günün tələbinə çevrilib. Bu baxımdan təhsilin keyfiyyətinin artırılması, tələbələrin təhsil dövründə işəgötürənlərlə, müəssisələrlə əlaqə qurması və əməkdaşlığa cəlb edilməsi mühüm faktorlar sırasındadır.Əmək yarmarkalarının təşkili, gənclərin bu proseslərdə fəal iştirakı da önəmlidir. Gənclər özləri də davamlı öyrənməyə, məqsədyönlü şəkildə inkişaf etməyə və əmək bazarının tələblərinə uyğun bacarıqlar qazanmağa çalışmalıdırlar. Dil biliklərinin artırılması, rəqəmsal bacarıqların inkişaf etdirilməsi, beynəlxalq sertifikatların əldə olunması və konkret peşə istiqamətində könüllülük fəaliyyətinin formalaşdırılması onların rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Əsas məsələ bu istiqamətlərin düzgün əlaqələndirilməsi və uzlaşdırılmasıdır. Gənclərin işsizliyinin səbəbi yalnız vakansiyaların məhdudluğu və ya müəyyən peşə bacarıqlarının çatışmazlığı deyil. Problem daha çox əmək bazarının tələbləri ilə mövcud imkanlar arasındakı uyğunsuzluqdan yaranır.Əmək bazarına uyğun təhsil modelinin formalaşdırılması, praktiki fəaliyyət imkanlarının artırılması, gənclərin məşğulluq səviyyəsinin və peşəkar təcrübəsinin yüksəldilməsi problemin həlli istiqamətində real nəticələr verə bilər. Bunun üçün əmək bazarının genişləndirilməsi, iqtisadi inkişaf modellərinin təkmilləşdirilməsi və yeni iş imkanlarının yaradılması vacibdir. Tələbat formalaşmalıdır ki, əmək bazarı genişlənsin və gənclər də daha yüksək rifah səviyyəsinə çata bilsinlər", - deyə o qeyd edib.Əfsanə Kamal demokrat.az
Bakıda yeni metro xətlərinin tikintisi təkcə nəqliyyat sisteminə deyil, daşınmaz əmlak bazarına da ciddi təsir göstərəcək. Yeni stansiyaların inşa olunacağı ərazilərdə mənzil qiymətlərində nəzərəçarpacaq artım müşahidə ediləcək. Bəs metro tikintisi ən çox hansı küçə və qəsəbələrdə qiymət artımına səbəb olacaq?Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, metro tikintisi iki xətt üzrə aparılacaq:Birinci yaşıl xətt, ikinci isə bənövşəyi xətt olacaq. Yaşıl xətt üzrə Ağ şəhərdə, 8 Noyabr prospekti istiqamətində, daha sonra NZS və Neftbaza qəsəbələrində, Nargilə dairəsi istiqamətində, həmçinin Həzi Aslanovda ikinci metro xəttinin tikintisi planlaşdırılır. Bu xətt şəhərə gediş məsafəsini qısaltmaq məqsədi daşıyır. Bənövşəyi xətt üzrə isə Cəlil Məmmədquluzadə küçəsi istiqamətində, Nizami metrostansiyasının ətrafında, Sahil və Xətai metrostansiyalarının yaxınlığında, Neftçilər Xəstəxanasının yaxınlığında və Babək prospekti istiqamətində yeni metrostansiyalar planlaşdırılır. Gələcəkdə Mehdiabad, Ziya Bünyadov prospekti, Baksol massivi və Binəqədi istiqamətində də yeni metro xəttinin çəkilməsi nəzərdə tutulur. Hazırda bu layihə proqramda yoxdur, amma gələcəkdə həyata keçirilməsi planlaşdırılır".Ekspert deyib ki, bütün bu yeni metrostansiyalar yaxınlıqdakı küçələrdə təxminən 15-30 faiz qiymət artımına səbəb olacaq:"Hətta indi, planlaşdırma mərhələsində belə, yeni metrostansiyaların yaxınlığında qiymətlər artıq 5-7 faiz artıb. Bu birinci mərhələdir və daha çox psixoloji təsir göstərir. İnsanlar məlumatı qəbul edir və həmin ərazilərdəki obyektlərin, eləcə də yaşayış sahələrinin qiyməti artır. İkinci mərhələ tikinti prosesidir. Bu dövrdə müəyyən məhdudiyyətlər olduğuna görə qiymətlərdə ciddi artım hiss olunmur. Amma bazar gələcək potensialı nəzərə alaraq buna hazırlaşmağa başlayır. Üçüncü mərhələ isə tikinti başa çatdıqdan sonrakı dövrdür. Yeni metrostansiyalar həmin ərazilərin əlçatanlığını artırır, infrastrukturu gücləndirir və nəticədə yaxınlıqdakı binaların və yaşayış komplekslərinin qiyməti yüksəlir. Təcrübə göstərir ki, bu artım adətən 15-30 faiz arasında olur. Qiymət artımının gözlənildiyi küçələr sırasında Xocalı prospektinin Ağ şəhərə çıxan hissəsi, Yaşıl Ada küçəsi, Mərkəzi Bulvar, Süleyman Vəzirov küçəsi və Nobel prospekti var. Babək prospektində də ciddi bahalaşma gözlənilir. Bundan başqa Məhəmməd Hadi küçəsi, Keşlə qəsəbəsi, Nəcəfqulu Rəfiyev küçəsi, Əlibəy Hüseynzadə küçəsi, NZS və Neftbaza qəsəbələri də bu siyahıya daxildir. Köhnə Günəşli, Qaraçuxur, Binəqədi, Ziya Bünyadov prospekti boyunca yerləşən ərazilər, Baksol massivi, Binəqədi şosesi, Sulutəpə və Biləcəri ətrafında da qiymətlərin artacağı gözlənilir. Ümumi qiymət artımı fonunda bu ərazilərdə bahalaşma digər yerlərlə müqayisədə daha yüksək olacaq", - deyə o qeyd edib.Əfsanə Kamal demokrat.az
Gənc ailələr üçün toy günü həyatlarının ən yaddaqalan anlarından biri olsa da, yüksək xərclər bəzən sonrakı illərdə ciddi maliyyə yükünə çevrilir. Bir çox cütlük toy mərasimindən sonra yaranan borcları uzun müddət ödəməli olur ki, bu da onların ev almaq, övlad sahibi olmaq və digər gələcək planlarını həyata keçirməsinə təsir göstərə bilər. Bəs toy xərcləri ilə bağlı yaranan borc yükü ailələrin maliyyə sabitliyinə necə təsir edir?Məsələ ilə bağlı iqtisadçı İlqar Hüseynli Demokrat.az-a bildirib ki, toylarla bağlı vətəndaşlar çox ciddi problemlərlə üzləşirlər:"Əslində, insanların yaxşı toy etmək, övladları üçün yaddaqalan gün təşkil etmək, həmin günü daha keyfiyyətli xidmət göstərilən zallarda qeyd etmək istəyi təbiidir. Amma təəssüf ki, hazırda şadlıq evlərində menyuların qiymətləri o qədər yüksəkdir ki, orta statistik vətəndaş toy etmək məsələsində ehtiyatlı davranır. Çünki bu, sonradan borc yükünə çevrilə bilər".Ekspert deyib ki, elə ailələr var ki, övladlarının toyunu keçirmək üçün kredit götürür, borclanır, bank qarşısında öhdəliklərə düşürlər:"Bəzi ailələr qız övladının cehizini almaq üçün də əlavə borclanmağa məcbur olurlar. Toy xərcləri ilə yanaşı yaranan bu əlavə maliyyə yükü ailələrin gələcək planlarına mənfi təsir göstərir, ev almaq, övladların gələcək təminatı kimi məsələlərdə ciddi çətinliklər yaradır. Yəni bütövlükdə ailələrin planları pozulur. Bəzən isə toyla bağlı gözlənilməz hallar da yaşanır. Məsələn, toy üçün tarix müəyyən edilir, lakin hava şəraiti dəyişir, qar yağır və ya qonaqların bir qismi rayonlardan gəldiyi üçün tədbirə çata bilmir. Nəticədə bəzi masalar boş qalır və bu da əlavə maliyyə itkisinə səbəb olur.Düşünürəm ki, bu sahədə müəyyən tənzimləmələr olmalıdır. Şadlıq evlərində təqdim olunan menyuların qiyməti, keyfiyyəti və kəmiyyətinədair müəyyən çərçivələr müəyyənləşdirilməlidir. Bu, həm vətəndaşların yükünü azaltmağa, həm də daha sağlam yanaşmanın formalaşmasına kömək edə bilər", - deyə o qeyd edib.Əfsanə Kamal demokrat.az
Süni intellektin sürətli inkişafı qlobal əmək bazarını tamamilə yenidən formalaşdırır. Avtomatlaşdırma bəzi peşələri sıradan çıxarsa da, yeni və daha gəlirli iş sahələri yaradır. Bu texnoloji dalğa iş dünyasında kütləvi dəyişikliklərə yol açır.Mövzu ilə bağlı insan resursları meneceri Röyal Əhmədov Demokrat.az-a açıqlamasında deyib ki, süni intellekt artıq gələcəyin deyil, bugünün reallığıdır və onun əmək bazarına təsiri hər keçən il daha aydın hiss olunur:"Əslində, tarix boyu hər texnoloji inqilab müəyyən peşələri dəyişdirib və ya aradan qaldırıb, eyni zamanda yeni peşələrin yaranmasına səbəb olub. Bu baxımdan süni intellekt də fərqli deyil. Fərq ondadır ki, bu dəfə dəyişikliklərin sürəti əvvəlki texnoloji dönüşlərlə müqayisədə xeyli yüksəkdir.Bu gün süni intellekt xüsusilə təkrarlanan, standart və qaydalara əsaslanan işləri daha sürətli və daha az xərc hesabına yerinə yetirə bilir. Məlumatların emalı, sadə hesabatların hazırlanması, ilkin müştəri xidmətləri, məlumat daxil edilməsi, bəzi mühasibat əməliyyatları, tərcümənin müəyyən hissələri, mətnlərin ilkin hazırlanması və bir sıra inzibati proseslər artıq böyük ölçüdə avtomatlaşdırılır. Bu isə həmin sahələrdə çalışan insanların sayına olan tələbatın zamanla azalmasına səbəb ola bilər. Lakin burada vacib məqam ondan ibarətdir ki, süni intellekt ilk növbədə peşələri deyil, vəzifələri və iş proseslərini dəyişdirir. Məsələn, HR mütəxəssisi tamamilə aradan qalxmayacaq, amma CV-lərin ilkin seçimi, vakansiya mətnlərinin hazırlanması, müsahibələrin planlaşdırılması kimi proseslərdə süni intellektdən daha çox istifadə ediləcək. Eyni yanaşma marketinq, hüquq, maliyyə, jurnalistika, təhsil və digər sahələr üçün də keçərlidir".Ekspert deyib ki, digər tərəfdən isə tamamilə yeni peşələr formalaşır:"Süni intellekt sistemlərini öyrədən və inkişaf etdirən mütəxəssislər, AI etikası üzrə ekspertlər, AI auditorları, prompt mühəndisləri, məlumat analitikləri, maşın öyrənməsi üzrə mütəxəssislər, kibertəhlükəsizlik üzrə ekspertlər, avtomatlaşdırma konsultantları və insan–süni intellekt əməkdaşlığını idarə edən yeni vəzifələrə tələbat artır. Yəni əmək bazarı bir tərəfdən bəzi ənənəvi işləri azaldır, digər tərəfdən isə daha yüksək ixtisas tələb edən yeni imkanlar yaradır.Beynəlxalq tendensiyalar göstərir ki, gələcəkdə texniki biliklərlə yanaşı, insanı süni intellektdən fərqləndirən bacarıqlar daha çox qiymətləndiriləcək. Tənqidi düşünmə, yaradıcılıq, emosional intellekt, liderlik, qərarvermə, problem həll etmə, ünsiyyət və komanda ilə işləmək kimi bacarıqlar əmək bazarında əsas üstünlüklərdən biri olacaq. Çünki süni intellekt məlumat təqdim edə bilər, lakin empatiya qurmaq, insan münasibətlərini idarə etmək və mürəkkəb etik qərarlar vermək hələ də insanların üstün olduğu sahələrdir.Bu dəyişikliklərə uyğunlaşmaq üçün həm dövlət, həm təhsil müəssisələri, həm də işəgötürənlər üzərinə mühüm məsuliyyət düşür. Təhsil proqramları əmək bazarının tələblərinə uyğun yenilənməli, universitetlər və peşə təhsili müəssisələri rəqəmsal bacarıqların inkişafına daha çox diqqət ayırmalıdır. Şirkətlər isə əməkdaşların davamlı inkişafına investisiya etməli, onları yeni texnologiyalarla işləməyə hazırlamalıdır. İşçilər üçün yenidən ixtisaslaşma (reskilling) və mövcud bacarıqların təkmilləşdirilməsi (upskilling) artıq seçim deyil, zərurətə çevrilir.Azərbaycanda da bu istiqamətdə hazırlıqların gücləndirilməsi vacibdir. Rəqəmsal transformasiya sürətləndikcə dövlət qurumlarında, özəl sektorda və təhsil müəssisələrində süni intellektdən istifadə genişlənəcək. Bu isə əmək bazarında yeni bacarıqlara malik mütəxəssislərə ehtiyacı artıracaq. Vaxtında uyğunlaşan insanlar bu dəyişiklikdən faydalanacaq, dəyişikliklərə hazır olmayanlar isə rəqabətdə çətinliklə üzləşə bilərlər.Nəticə etibarilə, süni intellekt əmək bazarı üçün yalnız risk deyil, eyni zamanda böyük fürsətdir. Əsas məsələ texnologiya ilə rəqabət aparmaq deyil, onu düzgün istifadə etməyi bacarmaqdır. Gələcəyin əmək bazarında ən uğurlu insanlar süni intellekti əvəz etməyə çalışanlar deyil, onun imkanlarından səmərəli istifadə edərək öz bilik və bacarıqlarını daha da gücləndirənlər olacaq", - deyə o qeyd edib.Əfsanə Kamal demokrat.az
Sağlam həyat tərzi hər kəs üçün əlçatan olmalıdır. Lakin son illərdə idman zallarına üzvlük haqlarının və sağlam qidaların qiymətlərinin artması bir çox insanın bu istiqamətdə addım atmasını çətinləşdirir.Bəs bu bahalaşma əhalinin sağlamlığa yatırım etməsinə və sağlam həyat tərzini davam etdirməsinə necə təsir göstərir?Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a bildirib ki, sağlam həyat tərzinin formalaşmasına bu amil mənfi təsir göstərir:"Bir çox Avropa ölkəsində bələdiyyələrin tabeliyində fəaliyyət göstərən idman zalları və məşq məkanları vətəndaşlar üçün ödənişsiz olur. Bu xidmətlər insanların sağlamlığının qorunması və idmana əlçatanlığın artırılması məqsədilə bələdiyyələr tərəfindən maliyyələşdirilir. Azərbaycanda isə bələdiyyə institutu kifayət qədər zəif olduğundan bu sahədə əsas yük özəl sektorun üzərinə düşür. Özəl müəssisələr də fəaliyyətlərini bazar prinsipləri əsasında qurduqları üçün qiymətləri özləri müəyyən edirlər və dövlətin bu qiymətlərə birbaşa müdaxilə etməsi mümkün deyil. Dövlət bu məsələdə yalnız alternativ yarada bilər. Məsələn, dövlət hesabına ödənişsiz idman zalları və açıq məşq məkanları yaradılarsa, insanlar bu xidmətlərdən pulsuz istifadə edə bilərlər. Belə bir rəqabət mühiti formalaşdığı halda isə özəl idman zalları da müştərilərini itirməmək üçün qiymətlərini aşağı salmağa məcbur qala bilərlər", - deyə o qeyd edib.Beləliklə, idman xidmətlərinin bahalaşması idmanı kütləvi olmaqdan çıxararaq lüksə çevirir və bu problemi həll etmək üçün pulsuz alternativ məkanların yaradılmasına böyük ehtiyac var.Əfsanə Kamal demokrat.az
Sosial şəbəkələrdə çəyirtkələrin kütləvi şəkildə yayılması ilə bağlı görüntülər geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bu hadisəni qiyamətin əlamətləri ilə əlaqələndirərək müxtəlif iddialar irəli sürürlər. Görəsən, İslam dinində çəyirtkələrin çoxalması qiyamətin əlaməti hesab olunurmu?Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, insanlar təbiət hadisələrini dəqiq bilməyəndə öz düşüncələrinə görə hadisələrə müxtəlif şərhlər veirlər:"Bu əslində insanların bəzən bir çox həqiqətlərdən məlumatsız olduğunu göstərən əsas amillərdən biridir. Son günlər sosial şəbəkələrdə yayılan videoda böyük çəyirtkə sürüsünün havada hərəkəti göstərilir. Videonun altında isə bunun qiyamətin əlaməti olduğunu, dünyanın sonunun yaxınlaşdığını iddia edən çoxlu şərhlər yazılıb. Mən hesab edirəm ki, belə məsələlərə həm dini, həm də elmi baxımdan ehtiyatla yanaşmaq lazımdır. İnsanları qorxuya deyil, biliyə söykənən düşüncəyə yönəltmək daha doğru yanaşmadır.İlk növbədə qeyd etmək lazımdır ki, İslamda qiyamətin nə vaxt baş verəcəyini heç kim bilmir. Bu, Allahın yalnız Özünə məxsus olan qeyb elmidir. Qurani Kərimdə Əraf surəsinin 187 ci ayəsində belə buyurulur: "Qiyamətin nə vaxt qopacağını səndən soruşurlar. De ki, onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtında yalnız O aşkar edəcək". Loğman surəsinin 34 cü ayəsində belə buyurulur:"Həqiqətən, qiyamətin elmi Allahın yanındadır".Bu ayələr açıq şəkildə göstərir ki, hər hansı təbiət hadisəsini qəti şəkildə qiyamətlə əlaqələndirmək dini baxımdan doğru deyil".İlahiyyatçı deyib ki, Peyğəmbərimiz (s.ə.s) də bu məsələdə insanları ehtiyatlı olmağa çağırıb:"Məşhur Cəbrail hədisində Cəbrail əleyhissalam qiyamətin vaxtını soruşduqda Allah Rəsulu belə cavab verdi: "Soruşulan bu barədə soruşandan daha çox bilmir".Bu cavab göstərir ki, hətta peyğəmbərlərə belə qiyamətin dəqiq vaxtı bildirilməmişdir.Bəzən insanlar Quranda adı çəkilən çəyirtkələri də bu hadisə ilə əlaqələndirməyə çalışırlar. Halbuki Quranda çəyirtkələrin zikr edilməsi müxtəlif məqamlardadır. Məsələn, Firon qövmünə göndərilən bəlalar arasında çəyirtkələr də qeyd olunur. Bu, xüsusi ilahi cəza hadisəsi idi və konkret tarixi hadisəyə aid idi. Digər tərəfdən, Qəmər surəsinin 7 ci ayəsində insanların qəbirlərdən çıxmasının səhnəsi yayılmış çəyirtkələrə bənzədilir. Burada isə söhbət bənzətmədən gedir, təbiətdə görünən hər çəyirtkə sürüsünün qiyamət əlaməti olmasından yox.Klassik təfsir alimləri, o cümlədən təbiət elmlərinə vaqif olan alimlər bu ayələri şərh edərkən qiyamətin vaxtını təyin etməyə çalışmağın doğru olmadığını, müsəlmanın əsas vəzifəsinin saleh əməl sahibi olmaq olduğunu vurğulamışlar.Elmi baxımdan da belə görüntülər qeyri adi hesab edilmir. Çəyirtkələr bəzi iqlim və ekoloji şəraitdə böyük sürülər halında hərəkət edirlər. Yağıntının artması, torpağın rütubəti, bitki örtüyünün çoxalması, temperaturun uyğun olması onların sayının sürətlə artmasına səbəb ola bilir. Bu zaman milyonlarla, bəzən milyardlarla çəyirtkə birlikdə uçur və böyük əraziləri əhatə edir. Bu hadisə dünyanın müxtəlif ölkələrində dəfələrlə müşahidə olunub və biologiya ilə məşğul olan alimlər tərəfindən uzun illərdir araşdırılır.Məsələn, biologiya alimləri bildirir ki, bəzi çəyirtkə növləri əlverişli hava şəraitində çox qısa müddətdə sürü halına keçərək yüzlərlə kilometr məsafə qət edə bilir. Bu, təbiətin öyrənilmiş ekoloji proseslərindən biridir.Əlbəttə, mömin insan təbiətdə baş verən hər hadisədən ibrət götürür. Qurani Kərim insanı göylərə, yerə, canlılara baxmağa və Allahın yaratdıqları üzərində düşünməyə çağırır. Ancaq ibrət almaq başqa, hər təbiət hadisəsini qiyamətin qəti əlaməti kimi təqdim etmək isə tamam başqa məsələdir.Təəssüf ki, sosial şəbəkələrdə sensasiya yaratmaq məqsədilə hər qeyri adi görüntüyə dini məna yüklənilir. Bu isə cəmiyyətdə əsassız qorxu yaradır və insanların dini məsələlərə münasibətinə mənfi təsir göstərir. İslam isə xəbərin doğruluğunu araşdırmağı tövsiyə edir. Qurani Kərimin Hucurat surəsinin 6 cı ayəsində xəbərin yoxlanılmasının vacibliyi xüsusi vurğulanır.Mənim fikrimcə, videoda görünən çəyirtkə sürüsünü qiyamətin başladığı kimi təqdim etmək üçün nə dini, nə də elmi əsas mövcuddur. Bu, təbiətdə zaman zaman müşahidə olunan hadisələrdən biridir.Qiyamətin nə vaxt baş verəcəyini yalnız Allah bilir. Bizim vəzifəmiz isə qorxu yayan fərziyyələr yaymaq deyil, doğru məlumat vermək, insanlarda elmə, düşüncəyə və sağlam dini anlayışa söykənən münasibət formalaşdırmaqdır.İnsan həmişə axirətə hazır olmalıdır. Lakin bu hazırlıq sosial şəbəkələrdə yayılan hər videonu qiyamət xəbəri kimi qəbul etməklə deyil, imanını möhkəmləndirməklə, əxlaqını gözəlləşdirməklə və saleh əməllərlə həyata keçirilir. İslamın bizə öyrətdiyi əsas prinsip də məhz budur", - deyə o fikrini yekunlaşdırıb.Əfsanə Kamal demokrat.az