Texnologiya Özəl

Sosial şəbəkələrdə bu səhv sizi hədəfə çevirə bilər — Açıqlama

Sosial şəbəkələrdə bu səhv sizi hədəfə çevirə bilər — Açıqlama

Sosial şəbəkələr insanların ünsiyyətini asanlaşdırsa da, son illərdə onlayn aqressiya və kiberbullinq halları nəzərəçarpacaq dərəcədə artıb. Bu hallar xüsusilə uşaqlar, yeniyetmələr və gənclər üçün ciddi psixoloji risklər yaradır. Problemin yaranmasına həm fərdi davranışlar, həm də rəqəmsal mühitin xüsusiyyətləri təsir göstərir. Bəs onlayn aqressiya və kiberbullinqin qarşısını almaq üçün istifadəçilər, platformalar və dövlət qurumları hansı tədbirləri görməlidir?

Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Abbasov Demokrat.az-a bildirib ki, onlayn məkanda aqressiyanın və kiberbullinqin sürətlə artmasının kökündə ilk növbədə rəqəmsal mühitin rəftara təsir edən spesifik xüsusiyyətləri dayanır:

"İnternet platformalarının təmin etdiyi anonimlik hissi və saxta profillərin asanlıqla yaradılması fərdlərdə cəzasızlıq və məsuliyyətsizlik duyğusunu tətikləyir. İnsanlar real həyatda bir-birinin üzünə deyə bilməyəcəkləri təhqir və tənqidləri, qarşı tərəfin emosional reaksiyasını, göz yaşını və ya üzüntüsünü fiziki olaraq görmədikləri üçün rəqəmsal dünyada daha amansızcasına ifadə edirlər. Bununla yanaşı, sosial media platformalarının istifadəçi aktivliyini və baxış sayını artırmaq üçün dizayn etdiyi alqoritmlər neqativ emosiyaları, dramı və qütbləşmə yaradan aqressiv məzmunları daha çox önə çıxarır ki, bu da cəmiyyətdə onlayn zorakılığın normal bir hala çevrilməsinə (normallaşmasına) və kütləviləşməsinə zəmin hazırlayır".

O deyib ki, kiberbullinqlə effektiv mübarizə aparmaq üçün həm istifadəçilər, həm platformalar, həm də dövlət qurumları üçtərəfli və koordinasiyalı addımlar atmalıdırlar:

"Fərdi müstəvidə istifadəçilər kibergigiyena və rəqəmsal etika qaydalarına riayət etməli, bu növ hücumlarla qarşılaşdıqda aqressiyanı cavabsız qoyaraq həmin profilləri dərhal bloklamalı və sübut kimi ekran görüntülərini (screenshot) qeydə almalıdırlar. Qlobal platformalar isə təkcə şikayət düymələri ilə kifayətlənməməli, süni intellekt əsaslı proqram təminatları vasitəsilə nifrət nitqini və bullinq xarakterli şərhləri real vaxt rejimində, hələ kütləyə yayılmadan avtomatik təsbit edib silən moderator sistemlərini gücləndirməlidirlər. Dövlət qurumları isə öz növbəsində qanunvericilik bazasını müasir rəqəmsal təhdidlərə uyğunlaşdırmalı, onlayn təhqir və təqib hallarının hüquqi məsuliyyətini və cəza mexanizmlərini dəqiqləşdirməli, eyni zamanda Milli Məlumat Hövzəsi və rəqəmsal savadlılıq strategiyaları çərçivəsində məktəblərdə uşaqlar və valideynlər üçün kiber-təhlükəsizlik və rəqəmsal davranış təlimlərini genişləndirməlidirlər" ,- deyə mütəxəssis qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az