Sağlamlıq Özəl

Həkim: Bu iki proseduru eyni anda etmək risklidir

Həkim: Bu iki proseduru eyni anda etmək risklidir

Son dövrlərdə qadınların qeysəriyyə əməliyyatı zamanı eyni anda digər prosedurları da etdirməyə marağı artıb. Bəzi hallarda bu, bir əməliyyatla bir neçə problemin həlli kimi qiymətləndirilsə də, tibbi baxımdan yanaşmalar birmənalı deyil. Həkimlər arasında bu məsələnin düzgün olub-olmaması ilə bağlı fərqli fikirlər mövcuddur. Bəs qeysəriyyə zamanı əlavə müdaxilələr nə dərəcədə təhlükəsizdir və bu qərar hansı meyarlar əsasında verilməlidir?

Mövzu ilə bağlı tanınmış həkim Rəşad Sultan Demokrat.az-a bildirib ki, insanlar düşünür ki, elə əməliyyat olmuşkən, iki əməliyyatı bir yerdə etdirsinlər:

"Biz həkimlər sadəcə istəklərə və öz beynimizdə qurduğumuz mülahizələrə əsaslana bilmərik. Hər işin öz qayda-qanunu olduğu kimi, tibb elminin də insanlara faydalı olmağa xidmət edən və illərlə aparılan elmi araşdırmalara əsaslanan qayda-qanunları var. Altından xətt çəkərək deyirəm ki, tibb elminin insanlara faydalı olan və faydalılığı elmi şəkildə əsaslandırılmış qayda-qanunları var.

Bu məsələdə “mən düşünürəm ki, belə olmalıdır” kimi fikirlər keçərli deyil.

Necə ki, maşın sürərkən yol hərəkəti qaydalarına əsaslanmalıyıq, eynilə tibbdə də tibb elminin qaydalarına əsaslanmaq lazımdır. Xəstə çox şey istəyə bilər".

Həkim deyib ki, aparılan araşdırmalar onu göstərir ki, sırf abdominoplastikanın (qarın gərmə əməliyyatının) qeysəriyyə ilə birlikdə edilməsi tövsiyə olunmur:

"Birincisi, qarın hamiləlik zamanı böyüyür, ancaq 6 ay sonra həmin qarın onsuz da kiçiləcək. İkincisi, hər əməliyyat kimi, abdominoplastikanın da ağırlaşmaları var və statistika göstərir ki, qeysəriyyə əsnasında edilən abdominoplastikalarda ağırlaşmalar daha çox olur. Ona görə də alimlər və dünya tibb ictimaiyyəti tövsiyə edir ki, həm qərar vermək, həm də əməliyyatı icra etmək üçün qeysəriyyə əməliyyatından sonra ən azı 6 ay gözlənilsin. Qeysəriyyə əməliyyatı əsnasında abdominoplastika edilməsi məsləhət görülmür, düzgün hesab edilmir. Başqa əməliyyatlara isə ümumiyyətlə yer verilməməlidir", - deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az