Sosial Özəl

Əmək bazarında gəncləri geri salan amillər açıqlandı

Əmək bazarında gəncləri geri salan amillər açıqlandı

Gənclərin iş tapması bu gün əsas sosial problemlərdən biridir. Təcrübə çatışmazlığı və əmək bazarının dəyişən tələbləri onların məşğulluğuna təsir edir. Bəs gənclərin iş tapmaqda əsas çətinlikləri nələrdir?

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, gənclər arasında işədüzəlmə məsələsi bu gün bütün dünyada aktual problemlərdən biridir:

Əmək bazarında gəncləri geri salan amillər açıqlandı

"Bu baxımdan Azərbaycan da istisna deyil və ölkədə gənclərin iş tapması məsələsi kifayət qədər ciddi və aktual mövzular sırasındadır. Düşünürəm ki, problemin əsas səbəbi yalnız vakansiyaların və irəli sürülən kriteriyaların məhdudluğu ilə bağlı deyil. Faktların təhlili göstərir ki, gənclər daha çox əmək bazarının tələblərinə uyğunlaşmaqda çətinlik yaşayırlar. Burada əsas amillərdən biri bacarıqlar və peşələr arasında yaranan müəyyən uyğunsuzluqdur.

Digər tərəfdən, Beynəlxalq Əmək Təşkilatının araşdırmalarına diqqət yetirmək lazımdır. Araşdırmalara görə, gənclərin işsiz qalma ehtimalı böyüklərlə müqayisədə 2-3 dəfə yüksəkdir. İşəgötürənlər adətən praktiki iş təcrübəsinə, rəqəmsal bacarıqlara, xarici dil biliklərinə və çeviklik səviyyəsinə üstünlük verirlər. Bu xüsusiyyətlərin çatışmaması gənclərin əhəmiyyətli hissəsinin iş tapmaq məsələsində ciddi baryerlərlə üzləşməsinə səbəb olur".

Ekspert deyib ki, müasir əmək bazarının vəziyyəti əvvəlki dövrlərlə müqayisədə köklü şəkildə dəyişib:

"Əgər əvvəllər ali təhsili və diplomu olan şəxslər iş tapmaqda xüsusi çətinlik çəkmirdilərsə, bu gün tələblər fərqlidir. İşəgötürənlər diplomla yanaşı, real bacarıqları, problemləri həll etmə qabiliyyətini, idarəetmə bacarıqlarını, analitik düşüncəni, komanda ilə işləmək və ünsiyyət qurmaq qabiliyyətini, eləcə də informasiya texnologiyalarından istifadə bacarıqlarını xüsusi qiymətləndirirlər.

Rəqəmsallaşma və süni intellektin sürətli inkişafı şəraitində əmək bazarında olan peşələrə tələblər də dəyişir. Süni intellekt texnologiyalarının və avtomatlaşdırmanın müəyyən sahələrdə insan əməyini əvəz etməsi əmək bazarına təsir göstərir. Bu dəyişikliklər fonunda gənclərin iş tapmaq imkanları müəyyən qədər çətinləşsə də, yeni texnologiyaları çevik şəkildə mənimsəyən və əmək bazarının tələblərinə uyğunlaşmağı bacaran şəxslər üçün imkanlar genişlənir.

Təcrübəsi olmayan gəncin ilk iş yerini necə əldə etməsi sualına cavab olaraq qeyd etmək olar ki, ilk növbədə əmək bazarında hansı istiqamətlərə tələbatın olduğunu və gələcək inkişaf tendensiyalarını nəzərə almaq lazımdır. Təcrübə proqramları, mentorluq mexanizmləri və könüllülük fəaliyyəti bu istiqamətdə mövcud boşluqları aradan qaldıran mühüm amillərdir. Bununla yanaşı, universitetlərdə nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin öyrədilməsinə keçid də vacib addımlardan biridir".

O bildirib ki, əksər universitetlərdə karyera mərkəzləri fəaliyyət göstərir:

"Əmək bazarı ilə təhsil modelinin əlaqələndirilməsi artıq günün tələbinə çevrilib. Bu baxımdan təhsilin keyfiyyətinin artırılması, tələbələrin təhsil dövründə işəgötürənlərlə, müəssisələrlə əlaqə qurması və əməkdaşlığa cəlb edilməsi mühüm faktorlar sırasındadır.

Əmək yarmarkalarının təşkili, gənclərin bu proseslərdə fəal iştirakı da önəmlidir. Gənclər özləri də davamlı öyrənməyə, məqsədyönlü şəkildə inkişaf etməyə və əmək bazarının tələblərinə uyğun bacarıqlar qazanmağa çalışmalıdırlar. Dil biliklərinin artırılması, rəqəmsal bacarıqların inkişaf etdirilməsi, beynəlxalq sertifikatların əldə olunması və konkret peşə istiqamətində könüllülük fəaliyyətinin formalaşdırılması onların rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Əsas məsələ bu istiqamətlərin düzgün əlaqələndirilməsi və uzlaşdırılmasıdır. Gənclərin işsizliyinin səbəbi yalnız vakansiyaların məhdudluğu və ya müəyyən peşə bacarıqlarının çatışmazlığı deyil. Problem daha çox əmək bazarının tələbləri ilə mövcud imkanlar arasındakı uyğunsuzluqdan yaranır.

Əmək bazarına uyğun təhsil modelinin formalaşdırılması, praktiki fəaliyyət imkanlarının artırılması, gənclərin məşğulluq səviyyəsinin və peşəkar təcrübəsinin yüksəldilməsi problemin həlli istiqamətində real nəticələr verə bilər. Bunun üçün əmək bazarının genişləndirilməsi, iqtisadi inkişaf modellərinin təkmilləşdirilməsi və yeni iş imkanlarının yaradılması vacibdir. Tələbat formalaşmalıdır ki, əmək bazarı genişlənsin və gənclər də daha yüksək rifah səviyyəsinə çata bilsinlər", - deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az