Elektronika mağazalarında əlavə zəmanət paketlərinin satışı son illərdə ən çox müzakirə olunan istehlakçı problemlərindən birinə çevrilib. Bir çox alıcı iddia edir ki, bu xidmət onlara seçim kimi deyil, məcburi şəkildə təklif olunur. Bəs əlavə zəmanətin məcburi satılması qanunidirmi?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, bəzi elektronika mağazalarında böyük özbaşınalıq var:
"Şikayətlərin mövzusu çox müxtəlifdir, xüsusilə də zəmanətlə bağlı. “Qızıl zəmanət” deyilən anlayışın “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda heç bir hüquqi əsası yoxdur. Buna baxmayaraq, bu ad altında istehlakçılardan əlavə ödəniş alınır. Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlərin təhlili göstərir ki, əksər hallarda satıcılar həmin “qızıl zəmanət”in şərtlərinə əməl etmirlər.
Üstəlik, istehsalçının məhsula verdiyi zəmanət müddəti də bəzi satıcılar tərəfindən əsassız şəkildə qısaldılır".
Ekspert deyib ki, məsələ lazımi səviyyədə araşdırılmır:
"Nəticədə zəmanət müddətində istehlakçı hüquqlarının təmin olunması sahəsində ciddi problemlər yaşanır. Mən dəfələrlə həmin dövlət qurumuna müraciət etmişəm ki, bəzi elektronika mağazalarının rəhbərlərini bir yerə toplasınlar, mənə cəmi üç dəqiqə vaxt versinlər. Otuz il ərzində daxil olan şikayətləri ümumiləşdirib onlarla qısa söhbət etmək istəmişəm, amma buna nail ola bilməmişik. Elektronika məhsulları satan elə mağazalar da var ki, onlardan demək olar, şikayət daxil olmur. Bunu qeyd etsəniz yaxşı olar. Bu reklam deyil, sadəcə insanlar hansı mağazalarla bağlı problem yaşanmadığını bilsinlər. Məsələn, İrşad Telekom və Smartfon mağazalar şəbəkəsi ilə bağlı şikayətlər yox dərəcəsindədir. Bir çox mağaza məhsulu satdıqdan, “qızıl zəmanət” adı ilə əlavə pul aldıqdan sonra isə məsuliyyətdən yayınırlar", - deyə o qeyd edib.


