Texnologiyanın sürətli inkişafı və rəqəmsal platformaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi insanların informasiya qəbul etmə tərzini də dəyişib. Xüsusilə gənclər arasında qısa videolar, sosial şəbəkələr və digər vizual kontentlər daha çox diqqət çəkir. Bu isə kitab oxuma vərdişlərinin zəifləməsi ilə bağlı müzakirələri artırır. Bəs müasir gənclərin kitaba marağının azalmasının əsas səbəbi rəqəmsal məzmunların təsiridir, yoxsa oxuma mədəniyyətinin dəyişməsində başqa amillər də rol oynayır?
Mövzu ilə bağlı əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında bildirib ki, müasir gənclərin kitab oxumamasının çoxlu səbəbləri var və bunlardan biri də, əlbəttə ki, audio-vizual sahənin genişlənməsidir:
"Texnologiyalar, rəqəmsal platformalar və müxtəlif informasiya mənbələri gənclərin diqqətini yayındıran, onları özünə cəlb edən əsas amillərdəndir. Buna görə də kitaba maraq müəyyən qədər azalır. Amma bununla yanaşı, son dövrlərdə ölkəmizdə kitabların təbliği sahəsində ciddi dönüş var. Kitab sərgilərinin, yarmarkalarının təşkili, xüsusilə də müxtəlif rayonlarda keçirilməsi kitaba marağı artırır. Mən bu məsələdə ümidsiz deyiləm. Kitab həm kağız formatında, həm elektron versiyada, həm də audio formada oxunmalıdır. Ən vacib məqamlardan biri isə orta məktəblərdə mütaliənin, bədii qiraətin, kitab oxumağın üstünlüklərinin gənclərə aşılanmasıdır.
Ümumilikdə isə cəmiyyətdə yaranan mənzərə ondan ibarətdir ki, gənclərin bir qismi informasiyanı kifayət qədər etibarlı olmayan sosial şəbəkələrdən əldə edir, kitaba ehtiyac duymur. Bu isə onların dünyagörüşünə və bilik səviyyəsinə ciddi təsir göstərir" , - deyə o qeyd edib.


