Quba rayonunda oğul atasına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1999-cu il təvəllüdlü Şahmar yaşadığı evdə atası Əlimərdan (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı əl zərbəsi ilə atasının baş nahiyəsinə vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Şahmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Şahmar ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, saat 16 radələrində yaşadığı evdə atasına məxsus odun sobasını onun otağından götürüb və həmin evin həyət yanı sahəsində yeni tikdiyi evə qoyduğu üçün atası ilə onun arasında mübahisə baş verib:
“Mübahisə zamanı əsəbi halda düşünmədən atamın baş və üz nahiyəsinə əl zərbələri vurdum. Onu yerə yıxaraq xəsarət yetirdim”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda atası ilə barışdığını bildirib və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini istəyib.
Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


