Türkiyə LGBT icmasının nümayəndələri üçün icarəyə götürülən "Scarlet Lady" kruiz laynerinin ölkə limanlarına daxil olmasına icazə verməyib. Gəminin Quşadası və İstanbula planlaşdırılan səfərləri ləğv edilib.
Almaniyanın "Die Zeit" qəzetinin yaydığı məlumata görə, Aydın vilayətinin qubernatorluğu gəminin Quşadası limanında lövbər salmasının qətiyyən mümkün olmadığını bildirib. Rəsmi qurumlar qərarı sərnişinlərin davranışlarının yerli adət-ənənələrə və mənəvi dəyərlərə zidd olması ilə əsaslandırıb.
Səfəri təşkil edən Amerikanın "Atlantis Events" şirkəti yaranmış qadağaya görə marşrutu dəyişmək məcburiyyətində qalıb. Layner Türkiyə limanları əvəzinə Qahirə və Krit adasına istiqamət götürüb. Şirkət rəhbəri Riç Kempbell 36 illik fəaliyyətləri dövründə ilk dəfə belə bir halla qarşılaşdıqlarını vurğulayıb.
Qərardan bir qədər əvvəl yerli mediada və mühafizəkar blogerlər arasında sosial şəbəkələrdə gəminin ölkəyə buraxılmaması üçün kampaniya başladılıb. Eyni zamanda layner sərnişinlərinin tədbir keçirməyi planlaşdırdığı İstanbulun bəzi əyləncə məkanlarının bağlanması tələb olunub. İstanbul qubernatorluğu artıq həmin məkanlardan birinin qayda pozuntuları səbəbindən bağlandığını elan edib. Türkiyə konstitusiyasına görə bu cür icmalar rəsmən qadağan edilməsə də, son illərdə bu istiqamətdəki ritorika kəskinləşib. Ölkədə keçirilməsi planlaşdırılan oxşar kütləvi tədbirlər təhlükəsizlik və ictimai asayişin qorunması bəhanəsi ilə tez-tez təxirə salınır.


