Ukrayna mediasının məlumatına görə, NATO Ankara sammitinin yekun bəyannaməsində Rusiyanı Avroatlantik təhlükəsizlik üçün təhlükə kimi qiymətləndirəcək və Ukraynaya 2026 və 2027-ci illərdə ümumilikdə 140 milyard avro həcmində hərbi yardım ayıracağını öhdəsinə götürəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın “Yevropeyskaya Pravda” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Ankara sammitinin yekun bəyannaməsində Rusiyanın Avroatlantik təhlükəsizlik üçün təhlükə olduğu ilə bağlı müddəa əvvəlki sənədlərdə olduğu kimi saxlanılacaq. Bununla yanaşı, Ukraynaya 2026 və 2027-ci illərdə hər il 70 milyard avro məbləğində hərbi yardım göstərilməsi nəzərdə tutulur.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, NATO-nun Ankara sammitinin bəyannamə layihəsi hazırda yekun təsdiq mərhələsindədir və müttəfiqlər müzakirələri bu gün başa çatdırmağı planlaşdırırlar.
Bildirilib ki, sənədin Ukrayna ilə bağlı hissəsində yeni müddəa da yer alacaq. Həmin müddəaya əsasən, Ukrayna yalnız NATO-nun təhlükəsizlik yardımını alan tərəf kimi deyil, eyni zamanda alyansın Avropadakı müttəfiqlərinin təhlükəsizliyinə töhfə verən ölkə kimi qiymətləndiriləcək.
Demokrat.az


