Quba rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1970-ci il təvəllüdlü Cabbar yaşadıqları evin qonaq otağında arvadı Samirə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı əlində olan taxta parçası və yumruqla arvadının baş və bədən nahiyələrinə vurub.
Faktla bağlı Cabbarın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Cabbar törətdiyi əməli etiraf edib. O bildirib ki, 1994-cü ildə Samirə ilə evlənib, evlilikdən dörd övladı dünyaya gəlib:
“Evləndikdən sonra Samirə ilə münasibətlərim yaxşı olub. Lakin son zamanlar Samirənin telefonla başqa şəxslə danışdığından şübhələndiyim üçün aramızda mübahisələr oldu”.
Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə məlum hadisə günü, saat 22 radələrində yaşadıqları evin qonaq otağında Samirə ilə söhbət etdiyi zaman eyni səbəbdən, yəni qısqanclıq zəminində aralarında mübahisə yaranıb:
"Həmin vaxt Samirə məni təhqir etdiyi üçün əlimdə olan taxta parçası ilə onun sol qolundan, yumruqla baş nahiyəsindən vuraraq ona xəsarət yetirdim. Bundan sonra Samirə telefonla qızımız Zeynəbə zəng edərək məlumat verdi. Hadisə yaşadığımız evin qonaq otağında baş verib və orada bizdən başqa heç kəs olmayıb”.
Zərərçəkmiş Samirənin sözlərinə görə, yaşadıqları evin qonaq otağında olduqları zaman əri Cabbarla qısqanclıq zəminində aralarında mübahisə yaranıb:
“Həmin vaxt Cabbar haqsız yerə məni qısqandığı və söydüyü üçün onu təhqir etdim. Bu zaman o, əlində olan taxta parçası ilə sol qolumdan, yumruqla isə baş nahiyəmdən vurdu. Mübahisədən sonra Bakı şəhərində yaşayan qızım Zeynəbə zəng edərək polisə məlumat verməyi ondan xahiş etdim”.
Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən, yəni təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması səbəbindən o, cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.


