Siyasət Özəl

Deputat: Rəqəmsallaşma dövlət xidmətlərini daha çevik edir

Deputat: Rəqəmsallaşma dövlət xidmətlərini daha çevik edir

Şəxsiyyət vəsiqəsi, pasport və ya sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatanda avtomatik bildiriş almaq, eləcə də hərbi çağırışların rəqəmsal formada təqdim edilməsi vətəndaşların dövlət xidmətlərindən istifadəsində yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Bəs bu yeniliklər xidmət keyfiyyətini necə artıracaq, vətəndaşların vaxt itkisini və sənəd problemlərini nə dərəcədə azaldacaq?

Mövzu ilə bağlı deputat Aydın Mirzəzadə Demokrat.az-a bildirib ki, rəqəmsallaşma bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib:

"O, həm məlumatların əldə olunmasında, həm də operativ şəkildə vətəndaşlara çatdırılmasında mühüm rol oynayır. Şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsinin etibarlılıq müddətinin başa çatması ilə bağlı vətəndaşlara göndərilən bildirişlər də gündəlik işləri xeyli asanlaşdırır. Vətəndaş bunu unutduqda və ya diqqətdən qaçırdıqda, sistem ona vaxtında xəbərdarlıq edərək sənədlərini yeniləməyə təşviq edir".

Deputat deyib ki, rəqəmsallaşmanın üstünlükləri bununla məhdudlaşmır:

"Dövlət imtahanları, elektron hökumət xidmətləri vasitəsilə zəruri məlumatların əldə edilməsi, pensiyanın təyin olunması prosesi ilə bağlı vətəndaşın operativ şəkildə məlumatlandırılması bunun ən bariz nümunələridir. Bütün bunlar göstərir ki, Azərbaycan dövləti rəqəmsallaşmanın və informasiya texnologiyalarının təqdim etdiyi imkanlardan həyatın səmərəliliyini artırmaq və dövlət xidmətlərini daha əlçatan etmək üçün geniş şəkildə istifadə edir" , - deyə o qeyd edib.

Beləliklə, sənədlərin rəqəmsal nəzarətə keçməsi vətəndaşların unutqanlıqdan yaranan sənəd problemlərini bitirir və dövlət orqanları ilə əlaqəni operativləşdirir.

Əfsanə Kamal

D
demokrat.az