Astara rayonunda 59 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. Vaqiflə arvadı Leyla arasında birlikdə yaşadıqları evin həyətində ailədaxili münasibətlər zəminində mübahisə baş verib.
Mübahisə zamanı o, arvadının bədəninin müxtəlif nahiyələrinə yumruq və şillə zərbəsi vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Vaqifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Vaqif bildirib ki, Leyla ilə 1992-ci ildə ailə həyatı qurub, əvvəllər aralarında münasibətləri yaxşı olub, qərəzli münasibətləri olmayıb:
“1984-cü ildən işləmək məqsədi ilə Rusiya Federasiyasına getdim. Həmin vaxtdan işlə bağlı Rusiya Federasiyasında yaşayıram və işləyirəm. İldə bir dəfə Azərbaycana gəlirəm. Arvadım ilə əvvəllər də mənə yalan danışdığı üçün aramızda mübahisələr olub”.
Vaqif qeyd edib ki, 2026-cı ildə Rusiya Federasiyasından Azərbaycana gəlib:
“Həmin gün axşam saat 20 radələrində Astara rayonunun kəndinə, yaşadığım evə gələn zaman evin həyətinə girəndə arvadımın evin qapısını bağlayıb harasa getdiyini gördüm. Arvadımdan hara getdiyini soruşdum. O, “toyuqları hinə salacaqdım” deyə bildirdi. Bu zaman ona “bəs, evin qapısını niyə açarla bağlamısan?” soruşdum. O, dedi ki, sən məndən nə istəyirsən, niyə gəlmisən? Bu sözləri deyəndən sonra yanımdan getmək istəyəndə qolundan tutdum. Bundan sonra aramızda mübahisə yarandı. Əsəbləşərək arvadıma iki şillə vurdum. Sonra birlikdə yaşadığımız evə keçdik. Bundan bir qədər sonra gördüm ki, arvadım yaşadığımız evdən çıxaraq qohumlarının evinə gedib. Mübahisəyə səbəb arvadımın mənə yalan danışması olub. Əməlimdən peşmanam, bağışlanılmağımı istəyirəm”.
Zərərçəkmiş Leylanın sözlərinə görə, məlum hadisə günü, saat 20 radələrində yaşadığı evin həyətində olan zaman əri Vaqif həyətə girdiyini görüb:
“Vaqif məni yaşadığım evin həyətində görən zaman mübahisə etməyə başladı. Mübahisə zamanı ünvanıma nalayiq ifadələr işlədərək, bədənimin müxtəlif nahiyələrinə yumruq və şillə zərbəsi vuraraq məni döyməyə başladı. Bu zaman baş nahiyəmdən xəsarət aldım və qan gəlməyə başladı. Daha sonra birlikdə yaşadığımız evə girdik. Bundan sonra qorxaraq yaşadığım evdən çıxdım və həmin kənddə yaşayan qohumlarımın evinə getdim”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra həmin kənddə yaşayan qardaşı Elsevərə əri tərəfindən döyülməsi barədə məlumat verib:
“Növbəti gün özümü pis hiss etdiyim üçün qardaşım məni Astara Rayon Mərkəzi Xəstəxanasına apardı. Mübahisəyə səbəb ərimin evə gəldiyi vaxt mənim evin həyətində olmamağım olub. Hazırda həyat yoldaşım ilə barışmamışam, ondan şikayətçiyəm”.
Astara Rayon Məhkəməsinin hökmü ilə Vaqif 1000 manat miqdarında cərimə edilib.


