Azərbaycanın "Avroviziya" tarixində silinməz iz qoyan Fərid Məmmədov hazırda sənətdən uzaq həyat yaşayır.
Müğənni 1991-ci ildə Bakıda doğulub və ilk musiqi təhsilini Əməkdar artist Aybəniz Haşımovadan alıb. İfaçı 2013-cü ildə İsveçdə keçirilən "Avroviziya" mahnı müsabiqəsində ölkəmizi "Hold Me" mahnısı ilə təmsil edib. O, möhtəşəm səhnə şousu ilə Azərbaycana ikinci yeri qazandırıb. Həmçinin 234 xalla ölkəmizin yarışma tarixinin rekordunu qırıb.

Böyük uğura baxmayaraq, ifaçı sonradan səhnələrdən tamamilə uzaqlaşıb və Amerikaya köçüb. Onun ABŞ-da kuryer kimi çalışdığı barədə məlumatlar yayılıb və müğənni bu iddiaları təkzib etməyib. Fərid Məmmədov 2016-cı ildə Nigar adlı xanımla mediaya qapalı toy edib və bu evlilikdən bir oğlu var.
Karyerası boyu az sayda mahnı buraxan ifaçı 2019-cu ildə Türkiyədə amerikalı ulduz Della Mayls ilə konsert proqramı təqdim edib. Bu çıxışdan sonra o, yenidən geri çəkilməyi üstün tutub. Hazırda sosial şəbəkələrdə yalnız idman və səyahət videoları paylaşır.(lent.az)


