Kriminal Özəl

"Arvadım başqa qadınla yazışmamı görmüşdü deyə münasibətlərimiz yaxşı deyildi"

Arvadım başqa qadınla yazışmamı görmüşdü deyə münasibətlərimiz yaxşı deyildi

Bakının Xəzər rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsində, Südçülük sovxozunda baş verib. Şəki rayon sakini 1989-cu il təvəllüdlü Məhərrəm yaşadığı evdə aralarında yaranan münaqişə zamanı arvadı Könülün (adlar şərtidir – red.) baş və bədən nahiyələrinə qəsdən yumruqla bir neçə dəfə zərbə vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Məhərrəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü axşam saatlarında yaşadıqları evin yaxınlığında yerləşən kafedə bir qədər spirtli içki qəbul edib:

“Kafedən çıxdıqda həyat yoldaşım Könülün qızımla birlikdə qayınımgildən evə gəldiyini gördüm. Yolda onlarla rastlaşdım və birlikdə evə getdik. Evə daxil olduqdan bir qədər sonra azyaşlı övladlarım əllərində olan oyuncaq kartları bölüşdürə bilmədikləri üçün öz aralarında mübahisə etməyə başladılar. Könül uşaqlara səsini qaldıraraq onları otaqlarına apardı və yatırdı”.

Təqsirləndirilən şəxs deyib ki, həmin gün saat 23:20 radələrində Könül onun yanına qayıdıb:

“Bu zaman Könüldən nə üçün uşaqlara səsini qaldırdığını soruşdum və ona əsəbiləşdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəblərimi cilovlaya bilməyərək ona baş nahiyəsindən əlimlə bir neçə dəfə vurdum və bədən xəsarətləri yetirdim. Daha sonra Könül bu barədə qardaşına, həmçinin Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verdi”.

Təqsirləndirilən şəxs bildirib ki, son vaxtlar ara-sıra spirtli içki qəbul etdiyini, bir müddət əvvəl isə başqa qadınla mobil telefonda yazışmalarının həyat yoldaşı tərəfindən aşkar edildiyini deyib:

“Buna görə də aramızdakı münasibətlər yaxşı deyil. Hadisə zamanı yanımızda heç kim olmayıb. Övladlarımız evin digər otağında yatmış vəziyyətdə olublar”.

İş üzrə ifadə verən Könül ittihama uyğun ifadə verərək təqsirləndirilən şəxsin ifadəsini təsdiqləyib. O, təqsirləndirilən şəxslə barışmadığını bildirib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Məhərrəm 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs cəzaçəkmə müddəti ərzində hər gün saat 21:00-dan səhər saat 08:00-dək yaşadığı evi tərk edə bilməz. Həmçinin onun Bakı şəhərinin inzibati ərazisini tərk etməsi də qadağan olunub.

Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılmasını təmin etmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməsi tapşırılıb.

Fariz Məlikli

D
demokrat.az