İqtisadiyyat Özəl

Yaxın aylarda bu məhsullar ucuzlaşmayacaq — Səbəb açıqlandı

Yaxın aylarda bu məhsullar ucuzlaşmayacaq — Səbəb açıqlandı

Son dövrlərdə tikinti materiallarının qiymətlərində müşahidə olunan artım həm tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin, həm də vətəndaşların diqqət mərkəzindədir. Mütəxəssislər qiymət artımını xammalın bahalaşması, logistika xərclərinin yüksəlməsi, idxaldan asılılıq və bazarda tələb-təklif balansındakı dəyişikliklərlə əlaqələndirirlər. Tikinti məhsullarının qiymətlərindəki dəyişikliklərin mənzil bazarına, tikinti layihələrinin dəyərinə və ümumilikdə iqtisadiyyata təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəs tikinti materiallarının bahalaşmasının əsas səbəbləri nələrdir və bu prosesin yaxın gələcəkdə hansı nəticələri ola bilər?

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, yerli tikinti materialları bazarında qiymət artımının həm daxili, həm də xarici amilləri mövcuddur:

Yaxın aylarda bu məhsullar ucuzlaşmayacaq — Səbəb açıqlandı

“Daxili amillər arasında ilk növbədə istehsalçıların xərclərinin artmasını qeyd etmək lazımdır. Xüsusilə ötən ilin ikinci yarısından etibarən Tarif Şurası tərəfindən qəbul edilən qərarlar tikinti materialları sektorunda xərclərin artmasına ciddi təsir göstərib. Belə ki, ötən ilin ikinci yarısından dizel yanacağı və benzinin qiymətlərinin artması, eyni zamanda 2025-ci ilin yanvarından etibarən işıq və qaz tariflərinin yüksəlməsi tikinti materialları istehsalçılarının məhsullarının maya dəyərinə artırıcı təsir göstərib. Bundan başqa, son illərdə əmək haqqı xərclərinin artması da mühüm amillərdəndir. Əmək bazarında orta aylıq əmək haqqının davamlı artımı, eləcə də bu ilin yanvarından etibarən minimal əmək haqqının hökumət tərəfindən artırılması tikinti materialları istehsalçılarının xərclərini yüksəldib. Bu artım həm əmək xərclərinə, həm də vergi yükünə təsir göstərir”.

O bildirib ki, tikinti materialları istehsalçıları hazırda artan xərclər şəraitində fəaliyyət göstərirlər:

“Xarici amillərə gəldikdə isə, bu ilin yanvarından etibarən manatın dollar istisna olmaqla digər valyutalara nisbətdə ucuzlaşması da qiymətlərə təsirsiz ötüşməyib. Manatın avro, rubl və digər valyutalara nisbətdə dəyər itirməsi ölkəyə idxal olunan və tikinti materiallarının istehsalında istifadə edilən xammalın qiymətini artırıb. Bu da öz növbəsində bazarda qiymət artımını sürətləndirib. Tikinti materialları bazarında qiymətlərin sonrakı dinamikası əsasən tələbin vəziyyətindən asılı olacaq.

Nəzərə almaq lazımdır ki, qarşıdakı 5-6 ay tikinti mövsümünün ən aktiv dövrüdür. Xüsusilə yay və payız aylarında tikinti sektorunda canlanma müşahidə olunur, tikinti aktivliyi artır. Bu baxımdan, yaxın aylarda tikinti materiallarının ucuzlaşacağını gözləmək real görünmür. Əksinə, qiymət artımı meyilləri də müşahidə oluna bilər. Lakin sonrakı qiymət dəyişiklikləri valyuta bazarındakı proseslərdən, idxal qiymətlərindən və daxili tələbin səviyyəsindən, yəni tikinti və inşaat sektorunda formalaşan ümumi vəziyyətdən asılı olacaq”.

Leyla Turan

D
demokrat.az