Konqo Demokratik Respublikasında (KDR) başlayan Ebola epidemiyası sürətlə genişlənməkdə davam edir.
Demokrat.az-ın "Reuters"ə istinadən məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq səhiyyə qurumları bildirirlər ki, hazırkı epidemiya son illərin ən mürəkkəb Ebola ocaqlarından birinə çevrilib.
Məlumata görə, virus artıq qonşu Uqandaya da keçib. ÜST qeyd edir ki, hazırda KDR-də minə yaxın təsdiqlənmiş yoluxma qeydə alınıb, Uqandada isə 20 təsdiqlənmiş yoluxma və iki ölüm faktı təsdiqlənib.
Hazırkı epidemiya Ebola virusunun Bundibuqyo ştamı ilə əlaqələndirilir. ÜST-ün məlumatına görə, bu variant əvvəlki böyük epidemiyalarda üstünlük təşkil edən Zair ştamından fərqlənir və ona qarşı təsdiqlənmiş genişmiqyaslı peyvənd mövcud deyil. Bu isə epidemiya ilə mübarizəni daha da çətinləşdirir.
"Reuters"in məlumatına görə, ÜST bildirir ki, epidemiya yalnız tibbi deyil, həm də təhlükəsizlik problemi yaradıb. Münaqişələrin davam etdiyi bölgələrdə səhiyyə işçilərinə qarşı hücumlar qeydə alınıb, bəzi icmalar isə xəstəliyin mövcudluğuna inanmır. Bu səbəbdən yoluxmuş şəxslərin aşkarlanması və təcrid edilməsi xeyli çətinləşib.
"Guardian" qeyd edir ki, beynəlxalq təşkilatların məlumatına görə, KDR-də yüzlərlə Ebola xəstəsinin harada olduğu müəyyən edilə bilmir. Humanitar böhran, məcburi köçkün düşərgələri və silahlı qarşıdurmalar epidemioloji nəzarəti ciddi şəkildə zəiflədir. Mütəxəssislər bunun virusun daha geniş ərazilərə yayılması riskini artırdığını bildirirlər.
KDR hökuməti virusun yayılmasının qarşısını almaq məqsədilə paytaxt Kinşasa da daxil olmaqla bir neçə bölgədə kütləvi tədbirlərin keçirilməsini müvəqqəti qadağan edib. Rəsmilər bunu ictimai sağlamlığın qorunması ilə izah etsələr də, qərar ölkədə siyasi müzakirələrə də səbəb olub.
ÜST hesab edir ki, hazırkı epidemiya hələ də cavab tədbirlərini üstələyən sürətlə inkişaf edir. Təşkilat laboratoriya imkanlarının genişləndirildiyini, test sayının əhəmiyyətli dərəcədə artırıldığını bildirsə də, əlavə maliyyə və beynəlxalq dəstəyə ehtiyacın davam etdiyini vurğulayır.
Qeyd edək ki, Ebola insanlarda və bəzi primatlarda ağır, çox vaxt həyati təhlükə yaradan virus infeksiyasıdır. Xəstəliyə Ebola virusu səbəb olur və ilk dəfə 1976-cı ildə Mərkəzi Afrikada aşkarlanıb.
Əsas əlamətləri:
* yüksək hərarət; * güclü baş və əzələ ağrıları; * halsızlıq; * qusma və ishal; * bəzi hallarda daxili və xarici qanaxmalar.
Virus yoluxmuş insanın və ya heyvanın qanı, tüpürcəyi, qusuntu, sidiyi və digər bədən mayeləri ilə birbaşa təmas nəticəsində keçir. Ebola hava yolu ilə yayılmır. Son illərdə Ebola üçün təsdiqlənmiş müalicə üsulları və bəzi virus ştamlarına qarşı peyvəndlər hazırlanıb. Erkən diaqnoz və vaxtında tibbi yardım sağ qalma ehtimalını əhəmiyyətli dərəcədə artırır.
Ebolanın ölüm göstəricisi virusun növündən və tibbi yardımın keyfiyyətindən asılı olaraq təxminən 25–90 faiz arasında dəyişə bilər. Xəstəlik əsasən Mərkəzi və Qərbi Afrika ölkələrində qeydə alınır və epidemiyalar adətən həmin regionlarda baş verir.
Jalə Demokrat.az


