Azərbaycanda 63 yaşlı qadının uzun illərdən sonra ana olması müzakirələrə səbəb olub. Tibbin, xüsusilə reproduktiv texnologiyaların inkişafı daha gec yaşlarda hamiləliyi mümkün etsə də, bu kimi hallar həm tibbi, həm də sosial baxımdan müxtəlif suallar doğurur.
Mövzu ilə bağlı ginekoloq Təranə Həsənova Demokrat.az-a açıqlamasında bildirib ki, gec yaşda hamiləlik və uşaq dünyaya gətirmək son illər daha çox müzakirə olunan məsələlərdən biridir:
“Hətta müəyyən mənada bu hal qadınlar arasında sanki dəb halını almağa başlayıb. 50 yaşdan yuxarı hamiləlik halları getdikcə artır. Tibbi baxımdan isə bunun olduqca ciddi riskləri var. Ən böyük risk ilk növbədə ananın həyatı ilə bağlıdır. Hətta 35 yaşdan yuxarı qadınların hamiləliyi belə risk qrupuna aid edilir. Burada hələ 63 yaşdan yox, ümumilikdə 35 yaşdan sonrakı dövrdən söhbət gedir. Menopauza yaşında olan qadında süni mayalanma yolu ilə hamiləlik baş verirsə, bu artıq çox yüksək riskli hamiləlik hesab olunur. Ananın həyatı ciddi təhlükə altına düşür. Belə hallarda ən çox rast gəlinən mamalıq patologiyalarından biri preeklampsiyadır. Bu, yüksək arterial təzyiq, aşağı ətrafların və bədənin şişməsi, eyni zamanda sidikdə zülalın aşkarlanması ilə xarakterizə olunur. Belə hallar baş verdikdə dölün inkişafdan qalması riski yaranır. Vaxtında tibbi müdaxilə edilməzsə, təkcə uşağın deyil, ananın da həyatı ciddi təhlükə altında qala bilər. Hamiləlik dövrü müxtəlif ağır patologiyalarla müşayiət oluna bilər. Bundan əlavə, doğuş prosesi də risklidir. Belə hallarda adətən keysəriyyə əməliyyatı daha uyğun hesab olunur. Əməliyyat zamanı isə güclü qanaxma, xüsusilə atonik qanaxma riski yaranır. Atonik qanaxma uşaqlığın tonusunu itirməsi nəticəsində baş verir və həyati təhlükə yarada bilər”.
Həkim qeyd edib ki, risklər yalnız ana ilə məhdudlaşmır:
“Uşağın sağlamlığı baxımından da ciddi təhlükələr mövcuddur. Müasir reproduktiv texnologiyalar qadının hamilə qalmasına imkan yarada bilər. Lakin bu, uşağın tam sağlam doğulacağına heç bir zəmanət vermir. Genetik patologiyalardan tutmuş müxtəlif inkişaf qüsurlarına qədər çoxsaylı risklər qalır. Burada əsas amillərdən biri yenə də ananın yaşıdır. Müasir reproduktiv texnologiyalar təhlükəsizlik təmin etmir. Onlar sadəcə qadına hamilə qalmaq imkanı yaradır və arzunun reallaşmasına kömək edir. Bu proses çox vaxt yüksək hormonal preparatlar və yumurtalıqların hiperstimulyasiyası hesabına mümkün olur. Lakin bu üsullar riskləri aradan qaldırmır. Həm ananın, həm də körpənin həyatı yüksək risk altında qalır. Məsələn, yaxın vaxtlarda 50 yaşlı qadında çoxsaylı patologiyalar müşahidə olunmuşdu. Hamiləlik erkən mərhələdə olsa da, mövcud problemlər o qədər ciddi idi ki, hətta doğuş baş versə belə, uşağın yaşama ehtimalı demək olar ki, sıfıra yaxın idi. Belə hallarda erkən doğuş riski də yüksək olur və erkən doğulan körpənin yaşama şansı ciddi şəkildə azalır. Məsələnin sosial tərəfi də az əhəmiyyət daşımır. Nənə yaşında ana olan qadınla uşağı arasındakı böyük yaş fərqi gələcəkdə müxtəlif sosial və psixoloji suallar yaradır. Qadının sonrakı illərdə sağlamlıq vəziyyətinin necə olacağı, uşağa fiziki və emosional baxımdan nə dərəcədə dəstək verə biləcəyi də müzakirə mövzusudur. Bütün bunlar gec yaşda analıq məsələsini təkcə tibbi deyil, eyni zamanda sosial baxımdan da ciddi müzakirə predmetinə çevirir”.
Beləliklə, gec yaşda analıq müasir tibblə mümkün görünsə də, həm ananın, həm də körpənin həyatını riskə atan, gələcəkdə isə ciddi sosial problemlərə yol açan təhlükəli addımdır.


