Kriminal Özəl

"Tiktokda məni söydü, dedi ki, sənin "palojnandı"

Tiktokda məni söydü, dedi ki, sənin palojnandı

Ağcabədi rayonunda 19 yaşlı oğlan sosial şəbəkədən tanıdığı şəxsə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 24 aprel 2025-ci ildə Ağcabədi şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən Ağcabədi Rayon İcra Hakimiyyətinin inzibati binasının arxa hissəsində yerləşən “Green” kafenin yaxınlığında baş verib.

2007-ci il təvəllüdlü Taleh kafe ilə üzbəüz E.İsmayılov küçəsinin giriş hissəsindən 10 metr irəli məsafədə ətrafda olan şəxslərə məhəl qoymayıb, zor tətbiq olunması ilə müşahidə edilən hərəkətlər edib.

Taleh həmin ərazidə piyada hərəkətdə olan Ağcabədi şəhər sakini Zaurun (adlar şərtidir – red.) sifət və qarın nahiyəsinə qəsdən yumruq, təpiklə dəfələrlə zərbələr vurub.

Faktla bağlı Talehin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu, Avşar kəndində yaşayır:

“Zərərçəkmiş Zauru təxminən hadisədən 10 gün əvvəl TikTok platformasında tanımışam. Həmin şəxslə hər hansı bir düşmənçilik, yaxud da ədavətim olmayıb. Mənim TikTok platformasında “Ağcabədi” adlı profil hesabım var. Hadisə baş verən gündən təxminən 10 gün əvvəl, axşam saatlarında yaşadığım evdə canlı açdım və həmin yoldaşlarla canlıda oldum. Təxminən 1 saat sonra həmin canlıya dostlarımdan biri video ataraq bir nəfər TikTok istifadəçisinin canlı açan zaman mənim canlımda ekranı qeyd edərək həmin videonu öz səsi ilə nalayiq ifadə işlədib, öz hesabında paylaşdığını bildirdi. Həmin şəxsin hesabı olan “Zaur004” hesabına daxil oldum və həqiqətən də öz videomun nalayiq ifadələr işlədərək paylaşıldığını gördüm. Ona həmin hesabda mesaj yazaraq təhqir etməsinin səbəbini soruşdum. Həmin profilin sahibi “yaxşı eləmişəm, bu sənin palojnandır” sözlərini yazdı”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2025-ci ilin aprelin 24-də, təxminən saat 17 radələrində Ağcabədi şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən İcra Hakimiyyətinin qarşısı ilə gedən zaman Zaur onun qarşısına çıxıb, “Green kafe” ilə üzbəüz aralıqda onu döyüb:

“Zauru həmin yerdə qoyaraq oradan uzaqlaşdım və evimə getdim. Zauru döydüyümə görə özümü təqsirli bilirəm. Bu səbəbdən ədalətli qərar qəbul edilməsini xahiş edirəm”.

İş üzrə zərərçəkmiş Zaurun sözlərinə görə, ailə üzvləri ilə birlikdə yaşayır, fərdi əməklə məşğuldur: “Təqsirləndirilən Talehi əvvəlcədən tanımıram, qohumluq əlaqələrim yoxdur, əvvəllər aramızda münaqişə və ya ədavət olmayıb. Mənim TikTok platformasında “Zaur004” adlı hesabım var. Həmin hesabla boş vaxtlarımda canlı yayım açıram. 2025-ci ilin aprel ayının ortalarında TikTokda canlı açdım. Canlıda olan zaman “Ağcabədi” adlı hesab ilə qrupa daxil olaraq canlıda söhbət etdim. Həmin vaxt “Ağcabədi” adlı hesabın sahibinin ünvanıma nalayiq ifadələr işlətdiyini gördüm və mən də həmin canlıdan çıxaraq “Ağcabədi” adlı istifadəçinin ünvanına nalayiq ifadələr işlədərək qeydə aldığım görüntünü paylaşdım. Daha sonra heç kim görmədən sildim”.

Zərərçəkmiş qeyd edib ki, aprelin 24-də, təxminən saat 16 radələrində Ağcabədi şəhəri, H.Əliyev prospekti ərazisində yerləşən kafedə pivə içib, sonra həmin kafe ilə üzbəüz küçədə yaşayan qohumu Dürdanəyə məxsus evə yola düşüb:

“Kafenin qarşısında yerləşən küçəyə girən zaman markasını və qeydiyyat nişanını xatırlamadığım avtomobil saxladı və içindən sonradan adını Taleh kimi tanıdığım şəxs sükan arxasından, iki nəfər tanımadığım şəxs də həmin avtomobildən düşdü. Taleh məni səsləyərək “indi səni öldürəcəm” dediyi üçün qorxdum və qaçaraq təxminən 10 metr irəlilədim. Bu zaman Taleh arxa tərəfdən baş nahiyəmə bir yumruq vurdu və müvazinətimi itirərək yerə yıxıldım. Yerdə uzanıqlı ola-ola Taleh sifət nahiyəmə yumruqla, qarın boşluğum nahiyəmə isə təpiklə bir neçə dəfə zərbələr endirdi. Ətrafa xeyli şəxslər yığışsa da, heç kim harayçılıq etmədi və məni Talehin əlindən almadı. Taleh yumruq və təpik zərbələri ilə sifət və qarın nahiyəmə çoxlu zərbələr vurdu. Mənə xəsarətlər yetirdikdən sonra avtomobilinə oturdu və onunla birlikdə gələn tanımadığım şəxslər ilə birlikdə oradan uzaqlaşdı. Yerdə huşumu itirmiş vəziyyətdə qaldım. Gözümü Ağcabədi rayon mərkəzi xəstəxanasında açdım”.

Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Taleh 6 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq olunub, Cinayət Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs təyin edilmiş cəzadan azad edilib.

Fariz Məlikli

D
demokrat.az