İqtisadiyyat Özəl

"Azərbaycanda ciddi demoqrafik və iqtisadi disbalans yarana bilər"

Azərbaycanda ciddi demoqrafik və iqtisadi disbalans yarana bilər

Doğum sayının azalması təkcə demoqrafik göstərici deyil, həm də gələcəyin əmək bazarını formalaşdıran əsas amillərdən biridir. Əhalinin yaşlanması və gənc nəslin sayının azalması gələcəkdə bir sıra sahələrdə işçi qüvvəsi çatışmazlığı riskini artıra bilər. Bəs doğum sayındakı azalma uzunmüddətli perspektivdə əmək bazarına necə təsir göstərəcək və bu proses hansı peşələrdə daha çox hiss olunacaq?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a bildirib ki, doğum sayının azalması gələcəkdə həm əmək bazarına, həm də pensiya sisteminə ciddi təsir göstərəcək:

"Bu proses Pensiya Fonduna daxilolmalara və fondun maliyyə dayanıqlılığına mənfi təsir edə bilər. Azərbaycanda pensiya sisteminin formalaşması nəsillərarası həmrəylik prinsipinə əsaslanır. Yəni bu gün işləyən və sosial sığorta ödənişləri edən insanlar hesabına yaşlı nəslin pensiyaları maliyyələşdirilir.

Təsəvvür edin ki, biz pensiya yaşına çatdıqda bizim pensiyalarımızın ödənilməsi üçün aşağıdan yeni və kifayət qədər böyük əmək qabiliyyətli nəsil gəlməlidir. Doğum sayı azaldıqda isə vəziyyət dəyişir. Bir müddət sonra pensiyaya çıxanların sayı artacaq, lakin əmək bazarına daxil olan gənclərin sayı azalacaq. Nəticədə Azərbaycanda ciddi demoqrafik və iqtisadi disbalans yarana bilər. Bu disbalans həm əmək bazarında işçi qüvvəsinin çatışmazlığına, həm də Sosial Müdafiə Fonduna yığımların azalmasına səbəb ola bilər", - deyə o qeyd edib.

Beləliklə, doğum sayının azalması gələcəkdə pensiya sisteminin çökməsi təhlükəsini yaradır. Yəni, əmək qabiliyyətli gənc nəslin sayının azalması səbəbindən Sosial Müdafiə Fonduna yığımlar kəskin düşə və bu gedişlə yaxın gələcəkdə pensiyaların ödənilməsində iqtisadi böhran qaçılmaz ola bilər.

Əfsanə Kamal

D
demokrat.az