Sağlamlıq Özəl

Hər kəsin evində olan bu həblər orqanları məhv edir — Açıqlama

Hər kəsin evində olan bu həblər orqanları məhv edir — Açıqlama

Dünyada və ölkəmizdə reseptsiz və kortəbii antibiotik istifadəsi kütləvi xarakter almağa başlayıb. Həkim təyinatı olmadan kursu yarımçıq saxlanılan müalicələr insan bədənindəki bakteriyaları daha da gücləndirir. Təcili tədbirlər görülməsə, bəşəriyyət antibiotiklərdən əvvəlki dövrün ölümcül xəstəlikləri ilə yenidən üz-üzə qalacaq.

Məsələ ilə bağlı tibb məsələləri üzrə ekspert Şahvələd Məmmədov Demokrat.az-a bildirib ki, antibiotiklərin nəzarətsiz istifadəsi sağlamlıq riskləri yaradır:

“Dünyanın bir çox ölkəsində bu dərmanların, o cümlədən antibiotik kimi preparatların reseptsiz satışı qadağan edilib və ciddi nəzarət altındadır. Təəssüf ki, bəzi yerlərdə hələ də reseptsiz antibiotik istifadəsi müşahidə olunur. Bu isə bir sıra təhlükəli nəticələrə səbəb ola bilər. Əvvəla, antibiotiklərin düzgün nəzarətsiz qəbulu ciddi allergik reaksiyalar yarada bilər, hətta anafilaktik şoka qədər gedib çıxa bilər. Bundan başqa, bağırsaq mikroflorasının pozulması ilə nəticələnən disbakterioz və müxtəlif mədə-bağırsaq problemləri ortaya çıxa bilər”.

O deyib ki, bəzi antibiotiklər eşitmə funksiyasına mənfi təsir göstərərək onun zəifləməsinə və ya tam itməsinə səbəb ola bilər:

“Nəzarətsiz istifadə böyrəklərə toksiki təsir göstərərək ciddi böyrək patologiyalarına, həmçinin qaraciyərin funksional pozğunluqlarına gətirib çıxara bilər.

Ümumilikdə, antibiotiklər yalnız həkim göstərişi ilə və düzgün dozalarda istifadə olunmalıdır”, - deyə o fikrini yekunlaşdırıb.

Beləliklə, antibiotiklərin həkim məsləhəti olmadan və nəzarətsiz şəkildə istifadəsi təkcə fərdin sağlamlığı üçün deyil, bütövlükdə cəmiyyət üçün ciddi təhlükə yaradır. Bu preparatlardan yanlış istifadə bakteriyaların antibiotiklərə davamlılığını artırır, gələcəkdə isə ən sadə infeksiyaların belə müalicəsini çətinləşdirə bilər. Bu səbəbdən antibiotiklər yalnız həkim təyinatı əsasında, göstərilən doza və müddətə uyğun qəbul edilməli, müalicə kursu yarımçıq dayandırılmamalıdır. Əks halda, bu gün qarşısı alına bilən problem yaxın illərdə qlobal səhiyyənin ən ciddi çağırışlarından birinə çevrilə bilər.

Leyla Turan

D
demokrat.az